2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedyevin təşəbbüsü ilə qlobal xarakterli məsələlərə dair çoxşaxəli dialoq, fikir mübadiləsi və müzakirələr aparmaq məqsədilə dünyanın bir çox tanınmış dövlət xadimləri, elm adamları və müxtəlif təşkilatların rəhbərlərini, eləcə də dünyanın elmi-mədəni elitasının nümayəndələrini bir araya toplayan Bakı Beynəlxalq Humanitar Forumu 2013-cü ilin 31 oktyabr – 1 noyabr tarixlərində artıq üçüncü tədbirini keçirmişdir.
70 ölkə və 5 beynəlxalq təşkilatdan olan 800 nəfər nümayəndədən 7-in dövlət başçısı, 13-ün Nobel mükafatı laureatı, 107-in görkəmli ictimai-siyasi xadim və 7-in fəxri professor adına layiq görülmüş şəxslər olması bir daha bu Forumun nə qədər böyük əhəmiyyətə malik olduğunu sübut etmişdir.
“Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin çağırışları”, “Postmodern dövrdə milli özünüdərk”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “İnformasiya məkanının qloballaşması şəraitində medianın aktual məsələləri”, “İqtisadi inkişafın humanitar aspektləri” və digər mövzular üzrə təşkil olunmuş “dəyirmi masa” çərçivəsində beynəlxalq humanitar məsələlərlə bağlı müzakirələr aparılmışdır.
Bütün bunlar göstərir ki, müstəqil Azərbaycan Respublikası beynəlxalq əməkdaşlıq məsələlərinə çox böyük diqqət yetirir və bu məsələləri daim diqqət mərkəzində saxlayır. Artıq müxtəlif istiqamətlərdə bir sıra beynəlxalq humanitar tədbirlərə, beynəlxalq konfranslara ev sahibliyi edən Azərbaycan bununla beynəlxalq arenada öz tarixi mədəniyyətinin qədim kökə malik olduğunu, qədim sivilizasiya ocaqlarından biri, eləcə də müxtəlif millətlərin, dinlərin nümayəndələrinin birgə yaşadığı tolerantlıq məkanı olduğunu bəyan etmişdir.
Forumda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışında Azərbaycanın maddi mədəniyyət abidələrinin qorunması mövzusuna toxunmuş və bu abidələrin yenidən bərpa və əsaslı təmir edilməsinin dövlətin siyasəti olduğunu vurğulamışdır. Bundan başqa multikulturalizmin Forumun mərkəzi mövzusu olduğunu söyləyən Prezident İlham Əliyev dünyada bu mövzu ilə bağlı mövcud olan ayrı-seçkiliyin aradan götürülməsinin vacibliyini qeyd etmiş və multikulturalizmin Azərbaycanda həyat tərzinə çevrildiyini bildirmişdir.
Forumda Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi bölgənin erməni işğalı altında olmasını və Azərbaycanın elə humanitar fəlakətlə üzləşən dövlətlərdən biri olmasını, işğal edilmiş ərazilərdə mədəni sərvətlərimizin, tarixi, dini abidələrimizin dağıdılmasını forum iştirakçılarına çatdıran Prezident İlham Əliyev bununla bağlı beynəlxalq səviyyədə qəbul olunan qərar və qətnamələrin yalnız kağız üzərində qaldığını və icra edilmədiyini də vurğulamışdır.
Təbii ki, bu faktların dünyanın müxtəlif ölkələrindən olan nümayəndələrə çatdırılması Azərbaycan Respublikasının üzləşdiyi ağır fəlakətlərdən dünya ictimaiyyətinin bir daha xəbərdar olmasına və qloballaşan dünyada beynəlxalq müstəvidə əməkdaşlığa can atan bir dövlət kimi tanınmasına stimul yaradacaq və tərəfdaşlarının sayının artması üçün bir impuls olacaqdır.
Artıq dünyanın müxtəlif ölkələrində əks-səda doğuran Bakı Beynəlxalq Forumu Azərbaycan Respublikasının müxtəlif sahələrdə əldə etdiyi böyük nailiyyətlərin Azərbaycanda azad və demokratik siyasi mühit yaratdığını və dünya ölkələri ilə qarşılıqlı əməkdaşlığa əsaslanan siyasət yeritdiyini bir daha təsdiqləmiş oldu. III Bakı Beynəlxalq Forumu ilə bağlı müxtəlif ölkələrin qəzet və informasiya agentliklərində dərc olunmuş məqalələr də Forumun möhtəşəmliyini və bunun Azərbaycanın beynəlxalq aləmdə yüksək imicinin göstəricisi olduğunun bariz sübutudur.