"Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir" deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqilliyimizin ilk günlərindən yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından olmuşdur. Onun iştirakçısı olduğu saysız-hesabsız görüş və danışıqlar məhz bu deviz altında keçirilmişdir.
Müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürü olan "Əsrin müqaviləsi" Azərbaycanın iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq neft müqaviləsi olaraq ölkə iqtisadiyyatının dinamik inkişafının əsasını qoymuş və regional əlaqələrin inkişafında mühüm rol oynamışdır.
Bundan sonra da Prezident İlham Əliyevin strategiyası əsasında Azərbaycan xarici dövlətləri Xəzərdəki neft-qaz layihələrinin işlənməsinə cəlb etməklə onların dəstəyini qazanmağa nail olmuşdur.
Bu layihələr Xəzər regionunun, xüsusilə Azərbaycanın neft və qaz ehtiyatlarına ən çox maraq göstərən dünyanın aparıcı dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin banisi olduğu, nə vaxtsa çoxlarına əfsanə kimi görünsə də, artıq reallaşmış olan Bakı – Tbilisi – Ceyhan əsas – ixrac boru kəməri lahiyəsi, Azərbaycan qazını Avropaya nəql edəcək layihə kimi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz qaz boru kəməri, Trans-Anadolu Qaz Kəməri (TANAP), Trans-Adriatik Qaz Kəməri (Trans-Adriatik Pipeline (TAP), Xəzər bölgəsi və Orta Şərq təbii qaz ehtiyatlarını Avropa bazarlarına çatdırmağı nəzərdə tutan Nabukko Vest qaz kəməri layihəsi və digər transmilli layihələr Azərbaycanı qlobal dünyanın ayrılmaz tərkib hissəsinə çevirmişdir.
Prezident İlham Əliyevin bu faəliyyəti Azərbaycana çoxmilyardlıq sərmayələr qazanmaq imkanları yaratmaqla bərabər, beynəlxalq aləmdə Azərbaycanın mövqelərini də möhkəmləndirir, Cənubi Qafqaz regionunda ölkəmiz başlıca güc mərkəzinə, əsas söz sahibinə çevrilir.Azərbaycanın iştirakı olmadan regionda hər hansı beynəlxalq əhəmiyyətə malik layihənin həyata keçirilməsinin mümkünsüzlüyü artıq bir faktdır.
Məhz bu layihələrdə liderliyi ilə seçilən Prezident İlham Əliyevin bu günə kimi transmilli layihələrdə həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirilmiş və dekabrın 5-də İstanbulda keçirilən Xəzər Forumunda "İlin Xəzər dövlət adamı" mükafatına layiq görülmüşdür.
Təbii ki, bütün bunlar Azərbaycan Prezidentinin Azərbaycanın bu gün bütün dünyada etibarlı tərəfdaş imici qazanması yolundakı fəaliyyətinin mühüm təzahürləridir.