BMT-nin ən mötəbər ixtisaslaşmış qurumu, dünyanın təhsil, elm və mədəniyyət məsələləri sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumu hesab olunan YUNESKO ilə əlaqələr Azərbaycanın beynəlxalq əməkdaşlığında mühüm yer tutur. 1991-ci ildən etibarən müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının tərəfdaşlıq siyasətini reallaşdırdığı bir sıra əhəmiyyətli beynəlxalq və regional təşkilatlar içərisində YUNESKO münasibətləri özünəməxsusluluğu, yüksək inkişaf dinamikası ilə səciyyələnmişdir. Bu əlaqələrin təməlinin qoyulmasında və genişlənməsində, YUNESKO ilə əməkdaşlıq perspektivlərinin müəyyənləşməsində ulu öndər Heydər Əliyevin rolu danılmazdır.
Bu gün YUNESKO-Azərbaycan əlaqələrinin qarantı rolunda çıxış edən Heydər Əliyev Fondunun və birbaşa Fondun Prezidenti YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın fəaliyyəti ölçüyəgəlməzdir. Fondun məqsədyönlü mədəniyyət siyasətinin reallaşmasına xidmət edən yorulmaz əməyi YUNESKO ilə əməkdaşlıq çərçivəsində Respublikamızın dünya mədəni birliyi ölkələri arasında özünə layiq yer tutması, inkişaf tempinə görə bir çox ölkələri geridə qoyması, milli mədəniyyətimizin dünya mədəniyyətinə inteqrasiya olunmasının məntiqi zəminini hazırlamışdır.
2-8 dekabr tarixində UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının Bakıda Azərbaycanın sədrliyi ilə keçirilməsi qlobal miqyasda mədəniyyətimizin təbliğində, Azərbaycan mədəni-mənəvi irsinin tanıdılmasında xüsusi əhəmiyyət kəsb edir. Tədbir sivilizasiyalararası münaqişələrin səbəblərinin səciyyələnməsi , mövcud regional konfliktlərin acı nəticələrinin nümayişi, mədəniyyətlərarası dialoqun mahiyyəti və zəruriliyinin qiymətləndirilməsi baxımından mühüm rol oynayır. Komitənin 8-ci sessiyasında mədəniyyət beşiyimiz Qarabağın çövkən oyununun YUNESKO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınması milli-mənəvi dəyərlərimizin, həmçinin bədxah düşmənlərimiz tərəfindən daim “erməni damğası” ilə ləkələnən tarixi zəngin irsimizin qorunmasına əlverişli zəmin yaratdı.
Bütovlükdə, Komitənin sessiyasının Bakı şəhərində uğurlu təşkili beynəlxalq əhəmiyyətli mədəniyyət tədbirləri ilə etibarlı əməkdaş, tolerant cəmiyyət, tarixi mədəni ölkə statusunu qazanmış Azərbaycanın mədəni nüfuzunu sığortaladı. Tədbir YUNESKO-Azərbaycan əlaqələrinin dinamik inkişafını rövnəqləndirdi. Sessiya bəşəri irsi milli-mədəni dəyərləri ilə zənginləşdirən, sivilizasiyalararası dialoq mərkəzinə çevrilən respublikamızın beynəlxalq əhəmiyyətli imicini doğrultmaqla, dünyəvi mədəniyyətə verdiyi töhfələri bir daha təsdiqlədi.