Zəngin dünyəvi dəyərə malik maddi və mənəvi irsimiz Azərbaycanın tarixi sərvəti, bəşəri irsə verdiyi ən böyük töhfəsidir. Şərqlə Qərb arasında keçid rolunu oynayan, sivilizasiyalararası dialoq mərkəzinə çevrilən Azərbaycan mədəni-mənəvi dəyərlərinin tanıdılması, Azərbaycan gerçəkliklərinin dünyəvi qiymətləndirilməsi istiqamətində yorulmaz fəaliyyət Heydər Əliyev Fondu tərəfindən reallaşmaqdadır. Fond yarandığı andan etibarən Azərbaycanın zəngin koloritli mədəni irsinin tanıdılmasını qarşıya məqsəd qoymuş və bu öhdəliyi layiqincə yerinə yetirməyə qadir olduğunu sübuta yetirmişdir. Azərbaycan mədəniyyətinin, incəsənətinin dünyanın müxtəlif yerlərində, mədəniyyət paytaxtlarında nümayişi Fondun bu sahədə reallaşdırdığı siyasətin bir istiqamətidir.
Qədim mədəniyyət beşiyi olan Azərbaycanın gerçəkliklərinin dünyaya çatdırılmasında əvəzsiz rol oynayan sərgi və tədbirlər Azərbaycan tarixi irsinin mənimsənilməsində də sədd rolunu oynayır. Bədxah düşmənlərimiz tərəfindən daim “özününküləşdirilən”, “erməni damğası” vurulan Azərbaycana məxsus tarixi abidələrimiz, musiqi alətlərimiz, milli musiqilərimiz- bu kimi sadalanması mümkün olan bir çox mədəni incilərimiz üzərindən bu ləkənin götürülməsinə yönəlmiş məqsədyönlü strategiya bu gün öz təsdiqini tapmaqdadır. Fondun təşkilatçılığı və maliyyə dəstəyilə müxtəlif dillərə nəşr olunan Qarabağ tarixinin, mədəniyyətinin öyrənilməsinə, tanıdılmasına xidmət edəcək əsərlər məhz reallaşan siyasətin bir hissəsidir.
Çoxmilli və dini birgəyaşayışın tolarant modelinin hakim olduğu Azərbaycan mühitinin tanıdılması, dini, milli dözümlülüyünün təsdiq olunmasında da Fond mühüm əhəmiyyətli uğurlara imza atmışdır. Buna misal olaraq artıq ənənə halını almış, indiyə qədər UNESCO, Avropa Parlamenti və BMT-də nümayiş olunan “Azərbaycan-tolerantlıq məkanı” adı altında reallaşan sərgini göstərmək olar. Noyabrın 22-də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə dünya şöhrətli fotoqraf Reza Deqatinin “Azərbaycan - tolerantlıq məkanı” mövzusunda açılmış fotosərgi Fondun bu siyahısına artıq qədim mədəni irsə malik dövlətlərin salınmasının əsasını qoydu. Belə bir sərginin təşkili əsrlərdən bəri gələn etnik, dini, milli dözümlülüyünün təmin olunduğu Azərbaycanda azsaylı xalqların dinc və sülh şəraitində yaşamasının göstəricisidir. Sərgi Azərbaycanda hakim mühitin, sabit sosial inkişafın reallıqlarını ehtiva etməklə ölkəmizdə tolerant cəmiyyət perspektivlərini nümayiş etdirir. Həmçinin sərgi Azərbaycanda dözümlülük mühitinin hakim olduğu bəşəri tarixi də əks etdirməklə bu ənənənin tarixi köklərə dayandığını sübut edir.
Bu baxımdan Fondun “gerçək Azərbaycan”, “tarixi Azərbaycan”, “dünyəvi Azərbaycan” prinsipial təməllərinə əsaslanmaqla reallaşdırdığı müxtəlif səpkili sərgi və tədbirlər qarşıya qoyulan missiyanın uğurlu tətbiqi və təsdiqi göstəricisidir. 10 ilə yaxın tarixi dövrü əhatə edən Fondun səmərəli fəaliyyəti Azərbaycan həqiqətlərinin beynəlxalq spektrli tanıdılmasında və nümayişində qarant rolunda çıxış etmiş, subyektiv rəy və təhriflərin əsassızlığının sübutu olmuşdur.