Dünənin, bu günün və gələcəyin partiyası noyabrın 21-i 21 ilini geridə qoydu. Tarixin ən zəruri anlarında xalqın köməyinə çatan, onun müstəqillik yolunda inkişafının təməlini qoyan Yeni Azərbaycan Partiyası 21 ildir xalqına, millətinə yorulmadan xidmət edir. Ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış partiya ilk gündən öz qarşısına Azərbaycanı zamanın çətin sınaqlarından çıxarmaq və inkişaf etdirmək məqsədini qoymuşdur. 18 oktyabr 1991-ci ildə müstəqilliyinə yenidən qovuşmuş Azərbaycan çox təəssüf ki, bundan sonra da çox ağrılı vəziyyətlərlə üzləşdi. Ölkədə yaranmış siyasi, iqtisadi və hərbi böhran müstəqilliyin yenidən itirilməsi ilə nəticələnə bilərdi. Lakin tarixin bu çətin anlarında xalqın köməyinə zamanın tələblərini düzgün qiymətləndirməyi bacaran və öz xarizmasi, əzmi ilə xalq qarşısında yüksək nüfuz sahibi olan ümummilli lider Heydər Əliyev gəldi. 91 nəfər Azərbaycan ziyalısının çağırışı ilə Partiyanın rəhbərliyinə seçilən Heydər Əliyevin sədrliyi ilə 1992-ci ilin 21 noyabr tarixində partiyanın ilk təsis konfransı keçirildi və rəsmi olaraq Azərbaycan tarixində öz üzərinə böyük bir missiya götürən Yeni Azərbaycan Partiyası yaradıldı.
Müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsiplərini öz məfkurəsinin əsas qayəsi kimi müəyyən edən partiya bu prinsiplər altında Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq aləmdə öz layiqli yerini tutması, ölkəmizin hər cəhətdən inkişaf etdirilməsi istiqamətində Heydər Əliyevin əsasını qoyduğu strategiyanı uğurla davam etdirir. Azərbaycan xalqının çağırışı ilə yaranmış, xalqın arzu və istəklərinin, milli mənəvi iradəsinin ifadəçisi olan Yeni Azərbaycan Partiyası yalnız siyasi sahədə deyil, həmçinin bir çox sosial, iqtisadi, mədəni layihələr həyata keçirərək Azərbaycanın bu sahələrdə də inkişafına zəmin yaratmışdır.
İqtidar partiyası olan Yeni Azərbaycan Partiyası bu gün Heydər Əliyev irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sədrliyi ilə partiyanın məqsəd və məramlarına varislik fonunda Azərbaycanın daha güclü və etibarlı gələcəyinin təminatçısı rolunu oynayır.