Öz milli və dini tolerantlığı ilə ad çıxarmayan Cənubi Qafqaz ölkələri arasında Azərbaycan tamam fərqli mövqeyə malikdir. Azərbaycan bütün dini etiqadları və etnik azlıqları təşviq etməklə dinlərarası, millətlərarası dialoqun kəsişdiyi bir məkan kimi öz varlığını təsdiqləmişdir.
Azərbaycan daim müxtəlif din və millətlərin qarşılıqlı anlaşma şəraitində yaşadığı bir dövlət modelini sərgiləmişdir. Hər bir tarixi situasiyada Azərbaycan dünyaya tolerantlıq üzərində qurulmuş siyasi portretini nümayiş etdirə bilmişdir. Azərbaycanda bütün dinlərə mənsub insanların sərbəst şəkildə öz inanclarına etiqad etməsinə, bütün millətlərin nümayəndələrinin ölkənin bərabərhüquqlu vətəndaşı qismində hüquq əldə etməsinə lazımi şərait yaradılmışdır. Azərbaycan Respublikasında mövcud tolerantlığın ən əsaslı isbatı ölkənin əsas qanunu, hüquqi təməli hesab olunan Konstitusiyada dinindən, dilindən asılı olmayaraq bütün vətəndaşların qanun qarşısında bərabərliyinin təsbit olunmasıdır.
Bu gün Azərbaycan dünyəvi arenada tolerantlılığını, milli həmrəyliyin təmin olunduğu, müxtəlif mədəniyyətlərin toqquşduğu multikulturalizmin hakimliyini saxladığı dövlət siyasəti modelini təsdiqləmişdir. Dünyada qloballaşma tendensiyasının hökm sürdüyü bir şəratdə özünütəcrid siyasəti dövlətin beynəlxalq həyatdan parçalanması, dezinteqrasiya ilə nəticələnə bilər. Dövrün reallıqları da sübut edir ki, dövlətin qlobal proseslərdən kənarda dayanması qeyri-mümkündür. Bu baxımdan müxtəlif din və millətlərin nümayəndələrinin toplaşdığı Azərbaycan özünəməxsus dialoq modelini formalaşdırmağa nail olmuşdur. Dinlərarası dialoq şəraitində, bütün xalqların bərabər və azad şəkildə yaşayışının təmin olunduğu bir şəraitdə tolerant Azərbaycan modelinin dünyəvi uğuru və perspektivləri danılmazdır. Azərbaycan yüksək mənəvi dəyərlərə malik tolerant və dünyəvi ölkədir. Artıq ölkəmiz bir çox dünya dövlətləri üçün nümunə sayılacaq tolerantlıq modelini formalaşdırmış və nümayiş etdirmişdir.
15 noyabr tarixində Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Dini-Mədəniyyət Mərkəzinin açılışı Azərbaycanda mövcud tolerant mühitin, dinlərarası dialoqun bariz göstəricisidir. Bu, Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyəli inkişafının təsdiqidir. Mərkəzin açılışında dölət başçısının rəsmən iştirakı dinindən, dilindən asılı olmayaraq bütün dindarlara xoş münasibətin, dini dözümlülüyün əyani sübutudur.
Xristian ölkəsi olan Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsinə baxmayaraq, Azərbaycandakı xristian və yəhudi icmalarının inkişafı üçün hər çür şərait yaradılması Azərbaycanın dünyəvilik prinsiplərinə sadiqliyinin bariz göstəricisidir. Ölkənin ən ucqar bölgələrində belə ayrı-ayrı dinlərə məxsus tarixi abidələrin qorunub saxlanılması, bərpası istiqamətində görülən işlər dövlətin tarixə verdiyi əvəzsiz qiymətdir. Bu bir daha Azərbaycanı qədim mədəniyyət beşiyi, tolarantlıq məkanı olaraq tanıdır, dini, milli dialoqun mərkəzi kimi təsdiqləyir. Təsadüfi deyildir ki, bu gün Azərbaycan adı dünyanın 5 ən tolerant ölkələsi sırasında çəkilir, dözümlülük məkanı olaraq xarakterizə olunur.