1988-ci il 17 noyabr tarixi Azərbaycan torpaqlarına daimi iddiası olan Ermənistanın Dağlıq Qarabağda törətdiyi separatçılıq hərəkatları və Azərbaycanın ərazi bütövlüyünə qarşı edilən qəsdlərə cavab olaraq Azərbaycan xalqının öz müstəqilliyi və azadlığı uğrunda başladığı hərəkatla yadda qalmışdır.
Məhz bu gündə 70 illik Sovet hakimiyyətinin əsarəti altında yaşamış Azərbaycan xalqı öz müstəqilliyini yenidən barpa etmək şansı qazandı və Sovet imperiyasına qarşı ilk kütləvi etiraz aksiyası həyata keçirdi. Minlərlə insan Bakı şəhərində Azadlıq meydanına toplaşaraq Azərbaycan xalqının birliyini və bu birlikdən doğan gücü düşmənlərinə nümayiş etdirdi. Ölkədə yaranmış vətəndaş itaətsizliyinə, ermənilər tərəfindən törədilən çoxsaylı qətllərə, amansızlıqlara qarşı bir yumruq kimi birləşən əsl vətənpərvlərlər xalqımızın nə qədər dözümlü olduğunu və azadlığa nə qədər layiq olduğunu 17 noyabr meydan hərəkatı ilə sübut etdilər.
Azərbaycan xalqının bu hərəkatından qorxuya düşən Sovet imperiyası noyabrın 24-dən 25- ə keçən gecə Bakıya öz qoşunlarını yeritdilər. Lakin bu da xalqın azadlıq əzmini qıra bilmədi. Sovet hakimiyyətinin özbaşınalığından təngə gəlmiş xalq terrorizm, separatçılıq, sərvətlərin talan edilməsinə qarşı başladığı “Meydan hərəkatını” özünün müstəqillik şüarına çevirdi. Lakin bütün bu dirənişə baxmayaraq, dekabrın 4-dən 5-ə keçən gecə qüvvələrin qeyri-bərabər nisbəti xalq hərəkatının yatırılmasına səbəb oldu.
Bütün bunlar müstəqillik uğrunda atılmış ilk addım oldu və bundan sonra da davam edən azadlıq şüarları Azərbaycanı müstəqilliyə doğru apardı. 1991-ci ilin martında Azərbaycan SSR Ali Sovetinin iclasında “Azərbaycan xalqı birləşməli, öz müqəddəs torpaqlarını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır” deyən ümummilli lider Heydər Əliyev bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişinə dəstəyini əsirgəmədi.
1990-cı il 17 noyabrda ümumilli lider Heydər Əliyevin illərlə apardığı qətiyyətli mübarizə sayəsində Azərbaycan xalqını müstəqilliyə daha da yaxınlaşdıran çox mühüm bir hadisə oldu. Belə ki, Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin birinci sessiyasında Respublikanın adından “Sovet Sosialist” sözlərinin çıxarılması, Naxçıvanın ali qanunvericilik orqanının “Ali Məclis” adlandırılması kimi iki mühüm qərarın qəbulu və 70 il əsarətdə qalmış xalqın üçrəngli bayrağının dövlət bayrağı kimi qəbul edilməsi və Azərbaycan səmasında dalğalanması 1988-ci ildən başlamış bu azadlıq hərəkatı ardıcıllarının Ulu Öndərin dəstəyi ilə qazanmış olduğu mühüm qələbələrindən biri oldu.
Nəhayət, 1991-ci il oktyabrın 18-də mühüm bir sənəd, Azərbaycanın dövlət müstəqilliyi haqqında “Konstitusiya Aktı” qəbul olundu. Bu isə xalqın çoxdan gözlədiyi müstəqillik arzularının təcəssümü idi. Lakin buna baxmaraq, davam edən Qarabağ müharibəsi, Ermənistanın təcavüzü, separatçılıq hərəkatı və bütün bunları unudaraq hakimiyyət davası edən səriştəsiz rəhbərlərin yeritdiyi səhv siyasət nəticəsində xalq yenicə bərpa etmiş müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdi. Məhz xalqın bu çətin anında şəxsi nüfuzu və xarizması sayəsində sürətlə dəyişən dünya konyukturası fonunda böyük nailiyyətlərə yiyələnmiş və gələcək nəsillərə zəngin bir irs qoymuş dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bütün bu təhlükələrə son qoyuldu.
Beləliklə, 1992-ci ildən 17 noyabr Azərbaycanın tarixinə Milli Dirçəliş Günü kimi daxil edildi və ömrünü siyasətə, qurub yaratmağa həsr etmiş cənab Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətləri sayəsində xalqın birliyi gün-gündən daha da gücləndi. Məhz bu gündən indiyə qədər 17 noyabr azadlığı uğrunda minlərlə şəhid vermiş Azərbaycan xalqının birliyini təcəssüm etdirən mühüm bir tarixi gün kimi qeyd olunur.