Hər hansı ölkədə informasiya-kommunikasiya sahələrinin, həmçinin milli rifah və demokratik inkişafın əsas göstəricisi həmin ölkədə “Elektron hökumət” sisteminin təşkili və tətbiqolunma səviyyəsidir. Bu sistemin bazisində dövlətin cəmiyyətin əsas tələbatını nümunəvi şəkildə təmin etməyə xidmət göstərən təsisat kimi fəaliyyət sərgiləmə reallığı dayanır. Son illər Azərbaycan Respublikasında informasiya kommunikasiya texnologiyalarının inkişafı, mövcud potensialdan maksimum şəkildə istifadə olunması və Respublikanın informasion potensialının beynəlxalq aləmdə tanınması, eyni zamanda dünyanın inkişaf etmiş dövlətlərinin təcrübəsini ehtiva edən ardıcıl, məqsədyönlü, strateji “elektron inkişaf modeli” həyata keçirilməkdədir. “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)” əsasən işlənib hazırlanmış “E-hökumət” layihəsi “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilir.
E-Hökumət dövlətin korrupsiyaya qarşı mübarizə üsulunun təsiredici faktoru rolunda çıxış edə bilər. Belə ki, “E-hökumət” dövlət orqanları ilə vətəndaşlar arasında səmimi təmas yaratmaqla dövlətin adından sui-istifadə hallarına yol verilməsi, vətəndaş hüquqlarının pozulmasını mümkünsüz edir. Korrupsiyaya qarşı mübarizəni dövlətin həyati məqsədlərindən birinə çevirən Azərbaycan Respublikası “E-hökumət”in bu üstünlüyündən istifadə etmə niyyətini də vurğulamışdır.
20 illik tarixi əhatə edən qısa dövri təcrübəsinə baxmayaraq artıq İKT sahəsində nüfuz sahibi olan ölkələr sırasında seçilən, milli peykə malik azsaylı dövlətlər içərisində vurğulanan Azərbaycan Respublikası üçün “E-hökumət” layihəsi perspektiv gələcəyin qarantı rolunda çıxış edir. Elektron-hökumətin səmərəli təşkili, mahiyyət və məzmununun açıqlığı və aydınlığı, vətəndaşların elektron rejimə adaptasiyası və dövlətin ayrılmaz bir qoluna çevrilməsi elektron-demokratiyanın mövcudluğuna gətirib çıxaracaqdır.