Təhsil hər bir ölkənin inkişafında başlıca rol oynayır. Müasir dövrün inkişaf etmiş dövlətlərinin təcrübəsində də bu tezis aydın şəkildə özünü doğruldur. Hər bir dövlətin inkişafının əsasında dayanan qüvvə onun təbii sərvətləri, sahib olduğu resurslar deyil, bütün sahələrdə dərin və əsaslı biliklərə sahib olan çevik, rasional kadrlarıdır. Bu kadrlar dövlətin davamlı və dinamik inkişafının təminatçısıdırlar. Sözsüz ki, belə kadrları bilik, savad, elmi özündə ehtiva edən mükəmməl təhsil sistemi yetişdirir. Dövlətin gələcək tərəqqisi, uğurları intellektual potensiala malik kadrların kəmiyyət göstəricisindən birbaşa asılıdır. Məhz o ölkələr yüksək səviyyədə inkişaf edir ki, orada elm, bilik, təhsil yüksək səviyyədədir. Bilikli kadrlar dövləti inamla irəliyə aparır.
Ölkədə və dünyada dinamik inkişaf tendensiyaları, o cümlədən təhsil sahəsində əsaslı dəyişikliklərin olması, Azərbaycanın keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyması, Avropa və dünya təhsil məkanına inteqrasiya istiqamətində mühüm addımlar atması müasir Azərbaycan təhsil sisteminin qarşısında duran əsas vəzifədir. Bütün bu proseslər təhsil qanunvericiliyində, ən vacibi isə "Təhsil haqqında" Qanunda öz əksini tapmışdır. Lakin bununla belə ölkəmizdə təhsil siyasəti və strategiyasının əsas istiqamətlərini əks etdirən, ilk növbədə, xalqımıza, Azərbaycanda təhsilin inkişafına xidmət edəcək milli təhsil sisteminin təkmilləşməsinə, dünya, Avropa təhsil sisteminə inteqrasiya prosesinin sürətlənməsinə təkan verəcək, təhsilverənlərin statuslarının müəyyənləşməsinə xidmət edəcək hüquqi, eyni zamanda sosial vakuumun yerinin yeni baza ilə təmini olduqca zəruri idi. Bu baxımdan ölkədə səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələrinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan, iqtisadi cəhətdən dayanıqlı təhsil sistemini yaratmaq məqsədi ilə dövlət başçısı İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiqi barədə sərəncam xüsusi əhəmiyyətə malikdir. Sənədin məzmununda insan kapitalının inkişafının iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil etməsi qeyd edilib. Sənəddə təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlərin hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaratması, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirməsi faktı öz əksini tapmışdır.
“Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruridir”. Strategiyada vurğulanmış bu tezis əslində dövlətin təhsil siyasətinin mahiyyətini, qarşıya qoyulmuş məqsədin dolğunluğunu və perspektivliyini ifadə edir.
Ümumiyyətlə, Strategiya ölkədə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün genişmiqyaslı tədbirləri nəzərdə tutur. Strategiyanın qəbulu təhsil siyasətinin dövlət həyatında oynadığı rolun zəruriliyini isbat etməklə yanaşı, gələcək Azərbaycan cəmiyyətinin mükəmməl, praqmatik təhsil sistemi üzərində qurulması mümkünlüyünü yaratdı. Strategiyanın qəbulunun digər bir özəlliyi isə təhsil sisteminin dövlətin gücündən, xalq rifahından birbaşa asılığının təsdiqi, iqtisadi inkişafın əsasında dayanan amil kimi qəbulu oldu.