Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsilə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Həmçinin, dünyanın istənilən ölkəsində gənclər də sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyətin islahatları hərəkətə gətirən zümrəsi və yaşlı nəslin davamçısı hesab olunur, gənclər cəmiyyətin ən dinamik zümrəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar.
Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Çünki ölkənin gələcəyi, müqəddəratı indiki gənclərin hansı ruhda tərbiyə almaları, hansı mühitdə yetişmələri, hansı intellektual potensiala malik olması ilə birbaşa əlaqəlidir.
Bu gün Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilmişdir. Ölkə gəncləri demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, elm və digər sahələrdə parlaq nailiyyətlər qazanır, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak edirlər.
Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Dövlət gənclər siyasəti – gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Yeni nəslin inkişafının əsas vasitəsi - gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir. Dövlət gənclər siyasəti bu məqsəd və prinsiplərin reallaşdırılması üçün hazırlanıb, müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir. Gənclər siyasəti gənclərin hərtərəfli inkişafının cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədini nəzərdə tutur. Respublikamızda həyata keçirilən dövlət gənclər siyasəti gənclərin hərtərəfli inkişafını, onların cəmiyyət həyatında fəal iştirakını təmin etməkdədir. Bu siyasət çox geniş bir spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, cəmiyyətin bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir.
Mahiyyət etibarilə gənclər siyasəti ölkədə həyata keçirilən daxili siyasətin kökündə dayanan və bu siyasətin müvəffəqiyyət effektini müəyyənləşdirən bir siyasətdir. Dövlətin dəyişən, yenilənən, daha çevik və praqmatik strateji xətti məhz gənclər siyasətində ehtiva olunur. Gənclər siyasəti özündə dövlətin həm keçmişi, həm bugünü, həm də gələcəyini cəmləşdirir.Dövlət gənclər siyasətini daha asan formada xarakterizə etmək üçün belə bir tezisdən istifadə etmək mümkündür :
Dövlət gənclər siyasəti = perspektiv gələcək + rasional seçim + səmərəli idarəetmə + aktiv cəmiyyət
Yəni gənclər siyasətinin uğurlu təşkili, dövrün reallıqları ilə uzlaşan tətbiqi, praqmatik, çevik, rasional gələcəyin qarantı fonunda dövlətin sabitliyinin, nailiyyətlərinin katalizatoru rolunda çıxış edir.