Varislik və yeniliyin sintezinə əsaslanan strateji inkişaf

20 il ərzində Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının ardıcıl surətdə həyata keçirilməsi ölkəmizin dinamik inkişafını təmin etdi, onu dünyanın müasir və demokratik dövlətinə çevirdi. Məntiqi olaraq belə bir tezis formalaşdı : Heydər Əliyevin müəyyənləşdirdiyi müstəqil dövlət, demokratik inkişaf və sosial rifah kursu, vətəndaş cəmiyyəti quruculuğu yolu Azərbaycanda bundan sonra da davam etdirilməlidir. Çünki yalnız bu yol Azərbaycanın təhlükəsizliyinin, sabitliyinin və dinamik inkişafının qarantı rolunda çıxış edir. Bu yolun başlıca amalı Azərbaycanın dünya birliyinin layiqli üzvünə çevrilməsi, sabitlik və bütövlüyün saxlanması, ölkənin inkişaf etmiş,yeni uğurlara imza atmış modelinin yaradılması idi. Bu gün biz bu modelin tam bərqərar olduğunun şahidiyik. Azərbaycanda reallaşan çoxşaxəli strateji inkişaf konsepsiyası bu modelin bariz nümunəsidir.  Bu inkişafın əsasında dayanan prinsip isə varislik və yeniliyin sintezidir. Azərbaycanda son 10 ildə həyata keçirilən fəaliyyət xəttinə nəzər salsaq daim varisik prinsipinə sadiqliyin qorunduğunu, eyni zamanda müasirliyin tələblərinin də nəzərə alındığını görərik. Demokratik inkişaf yolunu əsas götürən hər bir cəmiyyət yeniliyə açıq olmalı, bununla belə dövlətə xas dəyərləri, ilk strateji fəaliyyəti də diqqətdən kənarda qoymamalıdır. Bugün biz yüksək demokratik dəyərləri aşılayan, inkişaf etmiş dövlət modelinə malik olan ölkələrin nümunəsində də bu prinsipin reallaşdığını görürük. Qədim dövlətçilik ənənələrinin itirilməsi, milli mənsubiyyətin, dəyərlərin nəzərə alınmaması dövlətin uğursuz yolu ilə nəticələnə bilər.

Prezident İlham Əliyevin Azərbaycan siyasətində qazandığı uğurlar, müasir bir siyasətçi kimi özünü təsdiq etməsi, siyasi proseslərin inkişafında təsiredici gücə malik olması, milli maraqların gerçəkləşdirilməsinə istiqamətlənmiş prinsipial davranışları, eləcə də mənəvi-əxlaqi məziyyətləri Heydər Əliyev müdrikliyinin və uzaqgörənliyinin xalqın istəklərini təmin edən faktor oldu. Xalq təkcə ona görə bu liderə inanmır ki, o, Heydər Əliyev siyasi kursunun davam etdirilməsində israrlıdır, həm də inanır ki, o, sadəcə olaraq, belə bir missiyanı həyata keçirməyə qadir olduğunu sübuta yetirmişdir. İlham Əliyev heç vaxt ictimai rəyi ələ almaq, onu öz tərəfinə çəəkmək üçün xüsusi metodlarla işləməyə can atmayıb, amma bunun əvəzində konkret addımları ilə cəmiyyətdə və siyasətdə xüsusi yeri olduğunu nümayiş etdirə bilib.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi kursunu ləyaqətlə davam etdirərək, ölkəmizdə milli dövlət quruculuğu prosesinin uğurlu inkişafı, demokratik dövlət idarəçiliyi modelinin yaradılması, vətəndaş cəmiyyətinin bərqərar olunması, respublikanın iqtisadi inkişafının təmin olunması istiqamətində tarixi nailiyyətlərə yol açır. 2003-cü ilin Prezident seçkiləri ərəfəsində ümummilli liderimizin xalqa müraciətində əksini tapmış bu fikirlər cənab İlham Əliyevin siyasi və dövlət xadimi olaraq nə qədər yüksək keyfiyyətlərə malik olduğunu göstərir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

2013-10-23 / 00:00
Facebook