Seçki günü xalqın iradəsinin qələbəsi, xalq etimadının isbatı kimi dövlətçilik tarixinə daxil olur. Bu günü milyonlarla vətəndaş Konstitusiyada öz təsbitini tapmış sərbəst şəkildə iradəsini ifadə edərək hakimiyyəti formalaşdırır. Xalq etimadı isə dövlətçilik naminə fəaliyyətə, görülən işlərə verilən məntiqi nəticədir. 2003-2013-cü il Azərbaycan nümunəsi gələcək uğurlar və daha dinamik inkişaf üçün İlham Əliyevin yenidən rəhbərliyinə məntiqi zəmin yaradır. Ötən 10 ilin istər siyasi, istərsə də iqtisadi,mədəni,sosial statistik göstəriciləri bu zərurətin təsadüfən doğmadığını sübut edir. Bu fakt strateji inkişaf konsepsiyasının və praqmatik liderlik xəttinin göstəricisidir ki, seçkilər öncəsi istərAzərbaycan, istərsə də xarici dövlətlərin rəy sorğularının nəticələri respondentlərin əksəriyyətinin İlham Əliyev siyasətini dəstəkləyəcəyi ilə tamamlandı. İlham Əliyev 10 illik ümummilli lider siyasətinə layiqliyi və sədaqəti ilə xalq etimadını qazandı. 1990-cı illərin əvvəllərində xalqı düçar olduğu ağır sosial-iqtisadi böhrandan çıxaran, inkişaf konsepsiyasını yaradan və tətbiq edən, dövləti sabitlik simvoluna çevirən Ümummilli liderə xas strategiya Azərbaycanın uğur və qələbəsini təmin edəcək yeganə xətt idi. Necə deyərlər, xalqın gözü tərəzidir. Xalq bu gerçəkliyi anladı. Bu səbəbdən də 2003-2013 dinamik Azərbaycanı İlham Əliyev simasında qəbul etdi. 10 ilin çevik, rasional, uzaqgörən strateji konsepsiyası Azərbaycanı nəinki beynəlxalq aləmdə daha da tanıtdı, həmçinin regional lider imicini formalaşdırdı. Dövlətimizin dinamik inkişafı, dünyada artan nüfuzu daim diqqət mərkəzindədir. Azərbaycan Respublikası ötən illər ərzində siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirməklə dövlətçiliyin inkişafını təmin etmiş, demokratik dəyərlərə, liberal prinsiplərə əsaslanan dövlət modelini yaratmışdır. Siyasi liderliyin böyüklüyü də zamanın tələblərini və obyektiv inkişaf tendensiyalarını vaxtında dərk edərək, milli maraqları bu zəminə keçirmək bacarığı ilə ölçülür. İlham Əliyev 10 illik fəaliyyəti ilə liderlik məharətini açıq şəkildə təsdiqləyərək, reallaşan hər bir layihənin, müqavilələrin milli maraqlar zəminində qəbulunu təmin etdi. Hər bir fəaliyyət proqramının əsasına xalqa maksimum dərəcədə xidmət prinsipi qoyulmuşdur.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan ən yüksək zirvələri fəth etmiş, dünya birliyinin layiqli üzvünə çevrilmişdir. Bu gün harda yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı belə bir ölkənin vətəndaşı olmaqdan qürur duyur. Güclü, qüdrətli, demokratik prinsipləri bu gününün, sabahının əsası kimi qəbul edən Azərbaycan qürur mənbəyimizdir. Cənab İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində bildirmişdir ki, Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Son 10 ilin statistik göstəricilərinə diqqət yetirsək, ölkəmizin inkişafının hansı səviyyədə olması barədə aydın təsəvvür yaranmaqla yanaşı, möhtərəm Prezidentimizin bu vədinə sadiqliyi aydın şəkildə özünü təsdiqləyir. Nəticədə isə milyonların etimadı, inamı artır. Bu isə sübut edir ki, xalq bu dəfə də gələcək uğurlar, qələbələr, yeniliklər naminə İlham Əliyev siyasətini dəstəkləyəcək, qüdrətli Azərbaycanın qorunmasını ona həvalə edəcəkdir!