Heydər Əliyev iki əsrin ayrıcında öz ölkəsini qlobal təhdidlər dövründən uğurla keçirərək, ölkənin milli dəyərlərinin, insanların mənəvi sağlamlığının, özlərinə inamının qorunub saxlanmasına müvəffəq olmuşdur. Siyasət meydanında olduğu illər ərzində ulu öndər XX və XXI əsrlərin görkəmli siyasətçilərindən biri kimi, müasir dövrün böyük siyasi lideri kimi bütün dünyada tanınmışdır. Daim Azərbaycan maraqlaından çıxış edən görkəmli şəxsiyyət Moskvaya yüksək vəzifəyə irəli çəkiləndən (1982-1987) sonra da Azərbaycanın milli dövlətçilik maraqlarını daha yüksək səviyyədə müdafiə etmişdir.
Ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycanda başlayan milli-azadlıq mücadiləsi və bu müstəvidə yaşadığımız faciələr həm ölkə daxilində, həm də xaricdə yaşayan soydaşlarımızın vahid ideya ətrafında birləşdirilməsi və onların imkanlarından istifadə edilməsini taleyüklü bir məsələ kimi ortaya çıxardı. Bu məsuliyyətli və taleyüklü məsələnin həllini öz üzərinə götürən görkəmli dövlət xadimi Heydər Əliyev qısa müddətdə tarixiliklə müasirliyin tam vəhdətinə nail oldu.O, bu müstəvidə dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsinin Azərbaycanın gələcəyi üçün tarixi və strateji önəm daşıdığını uzaqgörənliklə müəyyən etdi. Həmin dövrdə Heydər Əliyev tərəfindən irəli sürülən azərbaycançılıq ideyası Azərbaycanın dünya birliyinə inteqrasiyasının təməl sütunlarından birini təşkil etməyə başladı.
Azərbaycanın bir müstəqil dövlət kimi varlığı məhz ulu öndərin hakimiyyətə ikinci qayıdışı 1993-cü ilin iyunu dövründə qorunub saxlandı. Azərbaycançılığın bütöv bir xalqın - bütün dünyada yaşayan azərbaycanlıların, Ana Vətənlə əlaqəsi olan bütün soydaşlarımızın və həmvətənlərimizin milli birlik simvoluna, milli ideologiyasına çevrilməsi və Azərbaycan Respublikasında rəsmi dövlət quruculuğu praktikasında həyata keçirilməsi də məhz bu tarixi dövrdən başlanır. Bu dövrdən etibarən azərbaycançılıq milli dövlət quruculuğunun ayrılmaz komponentinə çevrilir, sosial-siyasi məzmun kəsb etməyə başlayır.
Günümüzdə azərbaycançılıq əbədiyaşar ideologiyalardan birinə çevrilib və müasir dövlətçiliymizin inkişafının əsasını təşkil edir. Heydər Əliyevin özündən sonra Azərbaycan dövləti və gələcəyimizin əsas istiqamətlərindən biri kimi, yadigar qoyduğu, dünya azərbaycanlılarının əvəzsiz milli sərvəti olan azərbaycançılıq ideologiyası bu gün Azərbaycan dövlətçiliyinin ideoloji əsasıdır. Müasir Azərbaycan açıq vətəndaş cəmiyyəti quran bir dövlət kimi bütün dinlərin, təriqətlərin, etiqadların, Şərq və Qərb mədəniyyətlərinin, digər mənəvi və bəşəri dəyərlərin sintezindən ibarət bir dünyadır. Azərbaycan dövləti, Azərbaycan xalqı bütün dünya üçün açıqdır, dünyanın elə bir ölkəsi, elə bir guşəsi yoxdur ki, həmin yerlərlə bizim mədəni, mənəvi bağlılığımız olmasın. Bu gün dövlətimiz İlham Əliyev rəhbərliyi altında çox düzgün olaraq özünün istər daxili, istərsə də xarici siyasətində bu amilə xüsusi diqqət yetirir, azərbaycançılığı dövlətin strateji xətti kimi təsdiq edir.