ABŞ və dünya tarixinin görkəmli şəxsiyyətlərindən biri, özünəməxsus şərəfli iz buraxmış Corc Vaşinqton çıxışlarının birində qeyd etmişdir ki : “Yeni qurulan hər bir dövlətin ömrünün uzun olmasını onun qurucusu olan liderlərin siyasi dühası müəyyən edir”. Bu baxımdan qədim dövlətçilik ənənələrinə malik olan, ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyini yenidən əldə edən və tarixdən gələn dövlətçilik ənənələri üzərində bir dövlət quran Azərbaycana Heydər Əliyev kimi müdrik liderin, uzaqgörən siyasətçinin, mahir dövlət xadiminin rəhbərlik etməsi dövlətçilik tariximizdə öz əhəmiyyəti seçilir.
1991-ci il oktyabr ayının 18-də öz dövlət müstəqilliyini bəyan etməsinə baxmayaraq, Azərbaycanın ərazisinin parçalanma təhlükəsi yaranmışdır. Bir tərəfdən daxili separatçılıq meyilləri, digər tərəfdən isə belə bir fürsətdən məharətlə istifadə edən erməni sepataçıları fəallaşmağa başladılar. Belə bir vəziyyətdə xalqın ayağa qalxmasından, Heydər Əliyevi rəhbərliyə gətirəcəyindən ehtiyat edən hakim qüvvələr hər vəchlə buna mane olmağa çalışırdılar. Heydər Əliyev şəxsiyyəti saxtalaşdırılır, onun siyasi imici pərdələnirdi. Lakin xalq yaxşı başa düşürdü ki, onu bu təhlükədən xilas edə biləcək yeganə şəxs Heydər Əliyevdir. 1993-cü il iyun ayının 15-də xalqın təkidli tələbi ilə Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı. Lakin daxili qüvvəllər, o cümlədən xarici müşahidəçilər, siyasətçilər də Heydər Əliyevin bu dönüşünün bir nəticə verməyəcəyi qənaətində idilər. Lakin çox keçmədən bu fikirlərin yanlışlığı sübut olundu. İyun ayının 24-də Prezident Ə. Elçibəyin öz vəzifəsindən getməsi ilə, Prezident səlahiyyətlərini Heydər Əliyev həyata keçirməyə başladı. Heydər Əliyev oktyabrın 3-də prezident seçkiləri nəticəsində səs çoxluğu ilə öz rəqiblərini arxada qoydu. Dövlət müstəqilliyini möhkəmləndirmək, müstəqil dövlət quruluşu yaratmaq,dövlət atributlarını yaratmaq və inkişaf etdirmək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, ölkəni müharibə şəraitindən çıxarmaq, vətəndaşların rifahını yaxşılaşdırmaq, onların yaşaması üçün lazımi şərait yaradılmasını qarşıda duran vəzifələr kimi irəli sürüldü. Hələ ulu öndər 1993-cü ildə prezident seçkiləri ərəfəsində öz proqramında bəyan etmişdi ki, “Azərbaycan demokratik inkişaf yolunu seçəcək, xalqımız sivil dünyanın yolu ilə gedəcək ”.
Azərbaycan dövlətçiliyinin müasir tarixinə öz adını əbədi həkk etmiş bu nadir tarixi şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, nəhayət müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir. Ulu Öndərin 1993-1998-ci illər I Prezidentlik dövründə dağılmaqda olan gənc müstəqil dövlət vətəndaş qarşıdurmasını aradan qaldırmaq, silahlı dəstələri zərərsizləşdirmək, torpaqların düşmən tərəfindən işğalını dayandırmaq müharibədə atəşkəsə nail olunmaqla dinc quruculuq işlərinə başlamaq imkanı əldə etdi. Ölkədaxili sabitlik təmin olundu, dünyanın inkişaf etmiş dövlətlərinin marağı Azərbaycana yönəldi. Neft strategiyası siyasətinin tərkib hissəsi olan müqavilələrin imzalanması, hüquqi legitim parlamentin formalaşması, müstəqil dövlətin Konstitusiyasının qəbul edilməsi ilə Azərbaycan demokratik cəmiyyətə keçid etdi.
Azərbaycan dövlətçiliyinə, dövlətçiliyimizin inkişafına verilən əvəzolunmaz töhfələr məhz Ulu öndər Heydər Əliyev şəxsiyyətində ən yüksək zirvəyə çatdı. müasir dövrdəki dövlətçiliyin yeni tipologiyasının əsaslarını qoyanlardan biridir. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi bu gün bütün dünyada etiraf olunur, hörmətlə qarşılanır və yüksək qiymətləndirilir. Ümummilli lider bizim üçün elmi prinsiplərə və zəngin intellektual potensiala əsaslanan mükəmməl bir dövlətçilik konsepsiyası yaratmış, dövlət idarəçiliyi sahəsində zəngin elmi-nəzəri və praktiki irs qoymuşdur. Onun dövlətçilik ideyalarının elmi-nəzəri əsasları təkcə bu gün üçün deyil, gələcək üçün də əhəmiyyətlidir. Bu gün Azərbaycan Heydər Əliyev yolu ilə irəliləyir və inkişaf edir.