Milli birlik

Çağdaş dövrümüzdə əsası xalqımızın ulu öndəri Heydər Əliyev tərəfindən qoyulmuş və millətimizin gələcək inkişafına yönəldilmiş dövlət siyasətimiz elə istiqamətlənmişdir ki, soydaşlarımızı vahid ümummilli ideya ətrafında toplamaqla bir tərəfdən Vətəndə gedən proseslərə fəal sürətdə cəlb edir, digər tərəfdən də onların təşkilatlanmasına yardımçı olur. Bu ideyalar ilk növbədə tarixin dünya azərbaycanlılarına töhfəsi olan Azərbaycan Respublikasının müstəqilliyinin qorunmasına, dövlətimizin siyasi və iqtisadi baxımdan möhkəmləndirilməsinə, Dağlıq Qarabağ münaqişəsinin həllinə və torpaqlarımızın işğaldan azad edilməsinə yönəlmişdir. Azərbaycançılıq ideologiyasının əsasını qoymuş Ümummilli liderimiz Heydər Əliyev bu ideologiyanın əsas məqsədləri barədə deyirdi: “İndi hər bir azərbaycanlı qürur hissi keçirdə bilər ki, mən azərbaycanlıyam, mənim millətim, mənim millətimin dövləti, ölkəm vardır. İsveçrədə, Almaniyada, Fransada yaşasam da, fərqi yoxdur, mənim xalqımın müstəqil dövləti var və dünya xalqları içərisində yerim vardır. Azərbaycan xalqının əsrin sonunda əldə etdiyi ən böyük nailiyyət budur”.

Azərbaycançılıq ideologiyası gələcək nəsillər üçün hesablanmış, milli dövlətçiliyimizin əbədiyaşarlığına hesablanmış bir ideologiyadır. Bir sözlə, Heydər Əliyev tərəfindən əsası qoyulan azərbaycançılıq ideyası dünya azərbaycanlılarını vahid ideya ətrafında birləşdirərək, uğurlu bir gələcəyə, onların daha sıx həmrəyliyinə, güclü və inkişaf etmiz Azərbaycan dövlətçiliyinə aparır.

Prezident İlham Əliyev dəfələrlə həmvətənlərimizin ümumi maraqlarımız ətrafında birləşməsinin tarixi zərurət olduğunu vurğulamış və Ümummilli lider Heydər Əliyevin bu sahədə əldə etdiyi nailiyyətlərə əsaslanaraq daha da irəli getmək üçün mühüm addımlar atılacağını bəyan etmişdir: “Azərbaycançılıq ideyasının birləşdirici dəyər kimi bütün dünyada yaşayan azərbaycanlılar arasında yayılması, dilimizin, mədəniyyətimizin, mütərəqqi adət-ənənələrimizin, tariximizin yaşadılması və inkişaf etdirilməsi Prezident Heydər Əliyevin ideyası idi. Düşünürəm ki, bütün dünyada yaşayan soydaşlarımızın mədəni-mənəvi birliyinin mühüm şərti olaraq bu ideya bu gün də, gələcəkdə də bizim siyasətimizin əsasını təşkil edəcəkdir”.

Bu gün hər bir azərbaycanlı əsası xalqımızın Ulu öndəri Heydər Əliyev tərəfindən qoyulmuş, milli birliyimizin təcəssümü olan azərbaycançılıq ideologiyasına sadiq olmalı, müstəqil dövlətimizin inkişafı üçün əməyini əsirgəməməlidir.
 

2013-10-08 / 00:00
Facebook