Dövlət sütunu: Azərbaycan gəncliyi

Hər bir ölkənin perspektiv inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi birbaşa olaraq gələcəyin etibarlı təminatı olan gənc kadrların hazırlanmasından, onların intellektual və kreativ qüvvəyə, sosiumun aparıcı üzvlərinə çevrilməsindən asılıdır.

Gənclər daim böyük yaradıcı qüvvə olduqlarından onların düzgün istiqamətləndirilməsi dövlətçiliyin gələcəyini qarant altına alır. Məhz gənc nəslin inkişaf səviyyəsi həmin dövlətin və ya cəmiyyətin sosial-iqtisadi, mənəvi-mədəni, eyni zamanda, siyasi həyatının tərəqqi göstəricisinə çevrilir. Gənclərə göstərilən diqqət və qayğı dövlətin məntiqi, praqmatik inkişafından xəbər verir. Bu baxımdan müasir, gənc Respublikamız dövlətin inkişafının etibarlı sütunu hesab olunan gəncliyin fəaliyyətinin hərtərəfli dəyərləndirilməsi, gənclərin əsas amilə çevrilməsi qayğısına qalır.

Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Müasir dövrdə sağlam və vətənpərvər ruhda yetişən Azərbaycan gəncləri milli-mənəvi dəyərlərin qorunmasında, elmi, intellektual potensialın reallaşdırılmasında əhəmiyyətli rol oynayır. Bu gün gənclik artıq dövlət institutlarında təmsil olunur, müstəqilliyin keşiyində duran vahid qüvvə kimi formalaşır. Azərbaycan gəncləri fəal sosial təbəqə kimi demokratikləşmə prosesində yaxından iştirak edir, mədəniyyət, incəsənət, iqtisadiyyat və digər sahələrdə nailiyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesinə layiqli töhfə verirlər.

Belə bir aksioma mövcuddur ki, hər bir cəmiyyət gəncləri öz mədəniyyəti ruhunda tərbiyə edir.  Qədim dövlətçilik ənənələrinə malik Azərbaycan cəmiyyətinin mədəniyyəti tolerantlığı, sülhsevərliyi, mübarizliyi, milli ruha bağlılığı, vətənə sevgiyi ehtiva edir. Bu xüsusiyyətlər Azərbaycan cəmiyyətinin “güzgü”sü hesab olunan gəncliyimizdə təcəssüm olunmalıdır. Azərbaycan gəncliyi dövlətçilik naminə sərgilədiyi fəaliyyəti ilə nümunə olmalı, Azərbaycanın daha parlaq inkişafına töhfələr verməli, mübariz ruhda böyüməlidir. Bu proses isə bir neçə gəncin birliyi, arzusu, istəyi ilə baş tutası deyildir. Bunun üçün gəncliyin birgə, mütəşəkkil çalışması tələb olunur. Bu birlik isə Azərbaycan gəncliyinin  müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi dünyəvi arenada qəbul olunmasını təmin edəcəkdir.
 

2013-10-01 / 00:00
Facebook