Davamlı inkişafa etibarlı zəmin

Son illər ərzində aparılan davamlı islahatlar, məqsədyönlü strateji konsepsiya respublikamızın  iqtisadi gücünün artmasına, regional lider olaraq xarakterizə olunmasına imkan yaratmışdır. Bu isə paralel şəkildə sosial-iqtisadi inkişafa, sosial rifah halının yüksəlməsini təmin etmişdir. Dinamik inkişaf edən iqtisadi sistemin saxlanması, intellektual iqtisadiyyata keçid ölkədə mövcud intellektual bazislə birbaşa əlaqəlidir. Yəni dünya standartlarına cavab verən təhsil sisteminin formalaşması, intellektual güc mərkəzlərinin, intellektual potensiala malik kadrların yetişdirilməsi zərurətə çevrilmişdir. Dövlətin gələcək inkişafının təhsil sisteminin səviyyəsindən asılı olması təqzibedilməz fakta çevrilmişdir. İqtisadiyyatın mövcudiyyətinin və inkişafının əsasında dayanan amil məhz xalqın intellektual səviyyəsidir. Ulu öndər Heydər Əliyev bu amili düzgün və uzaqgörən şəkildə qiymətləndirmişdir. Təsadüfi deyildir ki, ümummilli lider daim vurğulamışdır ki, “İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki,onlarda uğurun əsas səbəbi neft-qaz deyil,bilikdir,savaddır,müasirlikdir.Bizdə isə həm bu olmalıdır,həm də təbii ehtiyatlar da var. Bu amillərin sintezi Azərbaycanı çox qabaqcıl,müasir ölkəyə çevirəcəkdir”. Çünki dünya təcrübəsindən də gördüyümüz kimi neftin bolluğu heç də həmişə xoşbəxt gələcək vəd etmir. Əsas olan neftdən səmərəli, rasional şəkildə istifadə etməyi bacaran intellektual bazisdir. Əgər bu yoxdursa neft amili dövlət həyatında dağıdıcı rol oynamaqla dövlətin məhvinə gətirib çıxarır.

Bu baxımdan müasir dövrdə bütün inkişaf etmiş ölkələr təhsili əsas starteji amil hesab edirlər. Dövrün reallıqları sübut edir ki, hər bir ölkənin gələcək inkişafı ölkənin təhsil səviyyəsindən, intellektual potensialdan birbaşa asılıdır. Respublikamızın əldə etdiyi uğurlar,  mövcud imici müasir və innovativ təhsil sisteminin təkmilləşdirilməsi üçün geniş imkanlar açmaqla onun iqtisadi inkişafın mühüm amilinə çevrilməsini təmin edir. Son illərdə təhsilin müasir infrastrukturunun yaradılması və möhkəmləndirilməsi istiqamətində çox əhəmiyyətli addımlar atılmışdır. Bu iş bu gün də davam etdirilir.  Təsadüfi deyildir ki, Azərbaycan 2020 gələcəyə baxış konsepsiyasında “Müasir təhsil sisteminin formalaşdırılması” qarşıya qoyulmuş əsas məqsədlərdən biridir.

Müstəqillik illərində Azərbaycan təhsili ümummilli lider Heydər Əliyevin təhsil sahəsində apardığı  islahatlar nəticəsində bir çox diqqətəlayiq uğurlar qazanmış, milli dəyərlərə söykənməklə beynəlxalq təhsil sisteminə uğurla inteqrasiya edə bilmişdir. Hal-hazırda da Ulu öndər siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev “neft kapitalını insan kapitalına çevirməliyik”  müddəası ilə yüksək intellektə malik insan kapitalının formalaşması və güclü iqtisadiyyatın qurulmasında təhsilin rolunun aktuallığını daim vurğulayır.

Müasir dünyada rəqabətə tab gətirmək üçün, ilk növbədə, təhsilə, zəngin biliklərə, informasiya texnologiyalarına arxalanmaq lazımdır. Təhsil Respublikamızın da davamlı inkişaf strategiyasının ən öncül istiqamətidir. Çünki hər bir vətəndaşın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir.
 

2013-09-23 / 00:00
Facebook