Hər bir dövlətin uzunömürlülüyünün və davamlı inkişafının təmini milli birliyə nail olunması və saxlanılmasından asılıdır. Çünki dövrün ortaya çıxartdığı çətinliklərin və problemlərin həlli, eləcə də, müstəqilliyin daha etibarlı şəkildə qorunmasının təmin edilməsi, milli dövlətçilik ənənələrinin bərqərar olması yalnız xalqın ideya birliyinin yaradılmasından asılıdır. Eyni zamanda milli birliyin, həmrəyliyin sağlam inkişafının əsasında dayanan amil isə həyata keçirilən hər bir fəaliyyətdə varislik prinsipinin gözlənilməsi, yeniliklərlə vəhdət təşkil etməsinə nail olunmasıdır.
Ötən illər ərzində Heydər Əliyev mahir dövlətşünas və rəhbər kimi xalqı üçün nə mümkünsə onu etmişdir. Bununla da o, özünün davamçıları və siyasi varisləri üçün zəngin ideya irsi və böyük mənəvi-ideoloji varidat qoymuşdur. Bu zəngin nəzəri-siyasi irsin tərkibində müstəqillik, müasirlik və azərbaycançılıq ideologiyası mühüm yer tutur. Heydər Əliyev bu haqda demişdir: “ İndi bütün həyatımı təhlil edəndə görürəm ki, hər halda bir başlıca hadisə var, o da budur ki, mən Azərbaycanın müstəqilliyini təmin edə bilmişəm. Onu daxili çəkişmələr alovunda, dağıntılar və qan içində olmağa qoymamışam”.
Ulu Öndər Heydər Əliyev azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, bu məfkurəyə əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı. Bu ideologiya Azərbaycan dövlətinə qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik əlamətlər əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipər olmuşdur.
Azərbaycançılıq ideologiyasının tarixi inkişaf mərhələləri aşağıdakı ardıcıllıqla sadalamaq mümkündür:
Azərbaycançılıq ideologiyasının ilkin əsaslarının meydana gəldiyi, konsepsiya şəklində formalaşmadığı dövr. Bu dövr nisbətən uzun bir tarixi əhatə edir: ən qədim dövrlərdən XVI əsrə qədər;
XVI əsrdən XIX əsrin sonu XX əsrin əvvələrinə qədərki tarixi əhatə edir və azərbaycançılığın ilkin nəzəri əsaslarının formalaşması ilə səciyyələnir;
XX əsrin əvvəllərindən XX əsrin 20-ci illərinə qədərki tarixi əhatə edən, azərbaycançılığın ilk dəfə olaraq müstəqil dövlətin vahid ideologiyası kimi tətbiqinə cəhd kimi xarakterizə olunan dövr;
XX əsrin 20-ci illərindən XX əsrin 60-cı illərinin sonuna qədər tarixi əhatə edən, azərbaycançılığın total nəzarət sistemi şəraitində inkişafının məhdudlaşdırıldığı dövr;
XX əsrin 70-ci illərindən 90-cı illərə qədər olan dövr isə daha çox azərbaycançılığın qadağalar mühitində belə vahid milli ideologiya kimi tarixi təşəkkülünə nail olunması kimi xarakterizə oluna bilər;
Nəhayət azərbaycançılığın müstəqil dövləçilik konsepsiyamızın istiqaməti olaraq təsdiqləndiyi, xüsusilə də 1993-cü ildən başlayaraq ümummilli ideologiya olaraq möhkəmləndiyi bu günümüzzə qədərki tarixi əhatə edən dövr.
Son illərdə müstəqil Azərbaycan dövləti böyük inkişaf yolu keçərək tarixin müxtəlif sınaqlarından çıxmış və dünya dövlətləri sırasında öz layiqli yerini tuta bilmişdir. Yüzlərlə dövlətlər sırasında Azərbaycanın üçrəngli bayrağının dalğalanması, Vətənimizin adının hörmətlə, şərəflə çəkilməsi hər bir Azərbaycan vətəndaşını sevindirir və hər birimiz başa düşürük ki, Azərbaycanın dünya səviyyəsində tanınmasında Ulu öndər Heydər Əliyevin fenomenal xidmətləri əvəzsizdir.
Bu gün bütün dünyada azərbaycançılığın ən böyük qarantı Prezident İlham Əliyevdir. Azərbaycançılığın qorunması və gələcək nəsillərə ötürülməsi missiyasını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlətçilik fəaliyyətində varislik prinsipinə sadiq qalmaqla böyük məsuliyyətlə və layiqincə həyata keçirir.