Son günlərdə erməni hakimiyyətinin yeritmək istədiyi siyasəti daha çox adaxlıbazlığa bənzətmək olardı. Eyni zamanda həm Rusiyanın tabeçiliyində olmaq və Qərbə inteqrasiya etmək nə qədər qəribə olsa da ermənilərin xəyalları idi. Sözsüz ki, bu xəyallar reallıq qarşısında puç oldu. Ermənistanın artıq Rusiyadan üz döndərmək meyllərini görən Rusiya onlara həqiqətdə onların kim olduqlarını və necə dövlətə sahib olduqlarını anlatdı. Öz real tarixlərindən və kimliklərindən xəbərdar olan erməni hakimiyyəti təzyiqlər qarşısında geri çəkilərək Rusiyadan asılı olmağı rəsmi prezident səviyyəsində qəbul etmiş oldu.
Maraqlı məqam ortaya çıxır. Gömrük sazişini Ermənistan imzaladı lakin gömrük sazişində olan heç bir dövlətlə onun sərhəddi yoxdur. Şübhəsiz ki, bu məsələ erməni cəmiyyətini də narahat etməyə başladı və hətta hakimiyyətin ünvanına "vətən xainləri" səviyyəsində ittihamlar belə yağdıranlar oldu. Ermənistanın Avropaya yönlənməsinə aktiv dəstək verənlər belə hakimiyyətə qarşı çıxışlara və aksiyalara başladılar. Aksiya iştirakçıları Ermənistanın artıq dövlət deyil Rusiyanın əyalətlərindən biri olacağını qeyd edir, hakimiyyətin xalqa qarşı düşmənçilik mövqeyini pisləyirdilər.
Ümumiyyətlə il başlayandan Ermənistanın yeritdiyi siyasət erməni xalqını artıq uğurlu gələcəkdən məhrum etmiş oldu və bu məsələdə də ermənilərin də etiraf etdikləri kimi ilk növbədə əsas səbəb Qarabağ probleminin həll edilməməsidir. Regiondakı kayihələrdən təcrid olunmuş dövlət dotasiyalar hesabına yaşamağa məcburdur. Lakin bu dotasiyaları verənlərin də hər il tələbləri böyüyür məhz belə artan tələblərin nəticəsi olaraq xalq müflis vəziyyətdə yaşamaqdadır.