Sentyabrın 4-də Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə “Dünya Rəqabətlilik Hesabatı” rəsmi olaraq beynəlxalq ictimaiyyətə təqdim edilmişdir.
Hesabatda Azərbaycan qlobal rəqabət qabiliyyətlilik indeksinə görə 7 pillə irəliləmişdir. “Dünya Rəqabətlilik Hesabatı 2013—2014” nəşrinə əsasən, Azərbaycan rəqabətlilik reytinqinə görə 148 dövlət arasında 39-cu yerdə qərarlaşmışdır. 2012-2013 hesabatında ölkəmiz 144 ölkə arasında 46-cı, 2011-2012 hesabatında isə 142 ölkə arasında 55-ci yeri tutmuşdu.
Qlobal iqtisadi böhranın yaşandığı bir dövrdə Respublikamızın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyat sırasına daxil olması ölkədə həyata keçirilən rasional iqtisadi strateji inkişaf konsepsiyasına verilən beynəlxalq səviyyəli qiymətdir. Bu hadisə sübut edir ki, Azərbaycanda reallaşan sürətli iqtisadi inkişaf daim diqqət mərkəızindədir.
2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni iqtisadi siyasət strategiyası həyata keçirilməyə başladı. Təsadüfi deyil ki, dövlət başçısının prezidentlik fəaliyyətində verdiyi ilk fərmanlar da məhz sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri və regionların sosial-iqtisadi inkişafı haqqında olmuşdur.Məqsədyönlü, gələcəyə istiqamətlənmiş konsepsiya nəticəsizqalmadı. Belə ki, bir neçə ildir davam edən dünya iqtisadi böhranı Azərbaycanın iqtisadi həyatına təsirsiz ötüşdü. Bu möhkəm əsaslara dayanan iqtisadi strateji inkişaf xəttinin nəticəsi idi. Bu illər nəinki iqtisadiyyatımıza itkisiz başa gəldi, həmçinin əhalinin sosial müdafiə ehtiyatlarının artırılması, işsizlik səviyyəsinin aşağı düşməsi, yoxsulluğun 6 %-ə enməsi, yeni obyektlərin, iş yerlərinin açılışı ilə yadda qaldı. 2012-ci ilin hesabatlarına əsasən ölkədə orta aylıq əmək haqqı 9% artıb. Cənubi Qafqaz iqtisadiyyatının 75% - ni təşkil edən Azərbaycan iqtisadiyyatının 2020-ci ilə istiqamətlənən konsepsiyasında qarşıya qoyulan əsas məqsəd yüksək rəqabət gücünə malik iqtisadiyyatın formalaşmasıdır. Elmi infrastrukturun təkmilləşdirilməsi, elmin maddi-texniki bazasının müasirləşdirilməsi, bu sahədə informasiya təminatı sistemlərinin elektron formada tətbiqi gələcəyə istiqamətlənmiş inkişaf konsepsiyamızın prinsiplərindəndir.
Bu gün Azərbaycan dinamik inkişaf edən iqtisadi sistemə malikdir. Təcrübə də sübut edir ki, əgər iqtisadi müstəqillik yoxdursa siyasi arenada müstəqillikdən söhbət gedə bilməz. Əsas məqsəd dövlətin yalnız təbii resurslara malik bir dövlət kimi tanınması deyil, həmçinin iqtisadi gücə malik, hər cür böhrana qarşı mübarizə sərgiləyə bilən, çevik iqtisadi islahatları reallaşdıran dövlətə çevrilməsinin sübutudur. Prezidentimizin də vurğuladığı kimi “bu gün Azərbaycanın qarşısında duran əsas məsələ iqtisadiyyatın şaxələnməsidir”. İqtisadiyyatın neftdən asılılığına son qoyulması, qeyri-neft sektorunun inkişafı, insan resurslarının stimullaşdırılması sahəsində əldə edilən nailiyyətlər danılmazdır. İldən-ilə artan iqtisadi göstəricilər əyani sübutdur.
Azərbaycanın qlobal rəqabət qabiliyyətlilik indeksinə görə 7 pillə irəliləməsi bir daha təsdiqləyir ki, Azərbaycan iqtisadiyyatını səmərəli şəkildə inkişaf etdirir, yeni intellektual dünya iqtisadiyyatına qoşulur. Ölkədə sahibkarlığın inkişafı, enerji sektorundan asılılığın ləğvinə yönələn islahatların həyata keçirilməsi, qeyri-neft sektorunun inkişafının təminini nəzərdə tutan tədbirlər planının reallaşması, insan resurslarının stimullaşdırılması, təbii resurslardan məqsədyönlü şəkildə istifadə olunması yeni intellektual dünya iqtisadiyyatına cəlbolunmanın təsdiqidir. Azərbaycan Respublikası son illər yüksək iqtisadi göstəriciləri ilə nəinki Avropanın, həmçinin bütün dünyanın etibarlı tərəfdaşına, iqtisadi güclərindən birinə çevrilmişdir.