“Rəy” Monitorinq Mərkəzinin avqustun sonunda ölkə üzrə keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir ki, Azərbaycan əhalisinin böyük əksəriyyəti Prezident İlham Əliyevi dəstəkləyir. Cavablar göstərir ki, əgər prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, səsvermə məntəqələrinə yollanacaq respondentlərin tam əksəriyyəti - 84,7 faizi öz səslərini hazırkı dövlət başçısı İlham Əliyevə verərdi.
Təqzibedilməz etimad 10 illik uğurlu, dinamik inkişaf xəttinin dəstəkləndiyinin əyani göstəricisidir. Təqdirəlayiq haldır ki, xarici dövlətlərin monitorinq mərkəzləri tərəfindən həyata keçirilən ictimai rəy sorğusu da eyni nəticəni təsdiqləyir. Ölkə əhalisi birmənalı şəkildə Ulu Öndər Heydər Əliyevin milli inkişaf strategiyasının əvəzsiz davamçısının fəaliyyətini bəyənir və ölkəni idarə edə biləcək yeganə şəxs statusunu qəbul edir.
Son 10 il ərzində yürüdülən çevik və məqsədyönlü strateji konsepsiyanın nəticəsidir ki, bu gün dövlətimiz regional lider kimi xarakterizə olunur. Son illər Azərbaycanda baş verən qlobal və pozitiv dəyişikliklər ölkəni etibarlı əməkdaşa çevirmişdir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamaqla strateji tərəfdaşlığını təsdiqləmişdir.
İlham Əliyevin xalqın maraq və mənafelərinə xidmət edən siyasi strategiyası, vətəndaşların layiqli həyat səviyyəsinin təmin olunmasına istiqamətlənmiş konsepsiyası ölkənin sürətli və uğurlu inkişafının əsas təminatıdır. Son on il ərzində Azərbaycan dünyada sürətli templə inkişaf etmişdir. Bu uğurlar çoxşaxəlidir, bütün sahələri əhatə edir. Həm xarici, həm daxili siyasi nailiyyətlər, iqtisadi, siyasi, sosial islahatlar inkişafın qarantı rolunda çıxış edir.
Azərbaycanın daxilində isə uzun illərdir nail olunmuş sabitlik məhz Prezident İlham Əliyevin də dövründə qorunmuşdur. Ölkə vətəndaşları mövcud sabitliyi dəstəkləyir, kataklizmlərdən qaçınır. Prezidentin rəhbərliyi altında Azərbaycan sabitliyin hökm sürdüyü, tolerant mühitin hakim olduğu regional gücə çevrilmişdir. Xüsusilə də sağlam müxalifətin qeyri-real mövcudluğu, milli mənafeyə xidmət etməyən absurd blokun fəaliyyətsizliyi hakim partiyaya və onun namizədinə olan etimadı daha da artırır. Çünki milli birliyə çalışan, milli dəyərlər bazisində siyasi strategiya reallaşdıran hakim partiya xalqın mənafeyinə birmənalı şəkildə uyğundur. “Mənim fəaliyyətimin mərkəzində Azərbaycan xalqı, Azərbaycan xalqının rifahı dayanır” deyən Prezident İlham Əliyev 10 illik rasional strateji konsepsiyasının verdiyi töhfələrlə bu tezisi doğrultmuşdur. Prezident siyasətini daim xalqa arxalanmaqla, xalqın maraqlarını ön plana çəkməklə yeritmişdir.
Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində ictimai-siyasi həyatın bütün sahələrində əldə olunan böyük uğurlar, xalq və dövlət üçün taleyüklü layihələr həyata keçirilmişdir. Azərbaycanın iqtisadi və hərbi potensialı güclənmiş və əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi dünya miqyasında qəbuledilən reallıqdır. Bu isə birmənalı şəkildə Prezidentin xalqa dayanan siyasətinin qələbəsidir. Xalq etimadı, inamı isə daha uğurlu gələcəyin reallaşması mümkünlüyünə imkan verir.