Turizm sektorunda yüksələn ulduz

Turizm sənayesinin inkişafı üçün zəngin ehtiyatlara, əlverişli iqtisadi-coğrafi mövqeyə malik olan Azərbaycanda son illər bu sektorun inkişafı nəzərə çarpacaq dərəcədə artmışdır. Şərqlə Qərb arasında körpü rolunu oynayan Respublikamız  beynəlxalq turizmin inkişafı, ölkənin turizm potensialının nümayişi istiqamətində mühüm addımlar atmışdır. Məlumdur ki, ölkənin turizm potensialının inkişafı təsərrüfatın bütün sahələrinə təsir göstərir və onların inkişafını stimullaşdırır. Azərbaycan Respublikasında tətbiq olunan turizm siyasəti məhz iqtisadi inkişafa yönləndirilir.

Ölkəmiz dünya turizm məkanına uğurlu şəkildə inteqrasiya olunmaqla bu sahədə beynəlxalq əlaqələrini genişləndirməkdədir. Məhz rasional inteqrasiyanın göstəricisi olan təqdirəlayiq bir addım bu yaxınlarda atıldı.  Avqustun 24-dən 29-dək Afrikanın Zambiya və Zimbabve respublikalarının birgə təşkilatçılığı ilə keçirilən BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) XX Baş Assambleyasında Azərbaycan qurumun İcraiyyə Şurasının üzvü qəbul olundu. Zambiyanın Livinqston şəhərində keçirilən iclasda Azərbaycan təşkilatın Şuraya seçilən Avropa qitəsinin 4 dövlətindən (Azərbaycan, Almaniya, Serbiya və Bolqarıstan) 25 səslə birinci olmuşdur. Bununla, İcraiyyə Şurası üzvlüyünə namizədlər sırasında ən yüksək səs alan ölkəmiz turizm sektorunda parlaq inkişafını təsiqlədi.

Şübhəsiz, bu nailiyyət respublikamızda turizmin inkişafı sahəsində görülən işlərin nəticəsi, Azərbaycanın turizm ölkəsi kimi dünyada nüfuzunun təsdiqi, ölkəmizin bu sahədə beynəlxalq əlaqələrinin, səmərəli işgüzar əməkdaşlığının yüksək göstəricisidir.

Hazırda dünya iqtisadiyyatında mühüm yer tutan sahələrdən biri kimi turizmdə Azərbaycanın rəqabət imkanları çox yüksəkdir.  Turizmin inkişafı çərçivəsində qəbul edilən çoxsaylı hüquqi-normativ aktlar, aparılan islahatlar  məhz ölkənin turizm imkanlarından səmərəli şəkildə yararlanması, Azərbaycanın dünyada yalnız neft ölkəsi kimi deyil, eyni zamanda zəngin turizm potensialı, əlverişli coğrafi mühitin hakim olduğu bir dövlət kimi tanınması məqsədini daşıyır. 2010-cu ildə “2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair” Dövlət Proqramının qəbul olunması, Prezidenti İlham Əliyev tərəfindən 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi, bununla əlaqədar geniş Tədbirlər Planının təsdiq və icra olunması nəticəsində ölkəmizdə turizm sənayesi yeni mərhələyə qədəm qoymuşdur.

Əldə olunan nailiyyətlər Azərbaycanın turizm dünyasında nüfuzunun, ümumilikdə, ölkəmizin dünyada imicinin yüksəlməsinin təzahürüdür. Turizm sahəsində statistik göstəricilər də bunu təsdiq edir. 2012-ci ilin və 2013-cü ilin birinci yarısının nəticələrinə əsasən, turistlərin sayında artım dünya və Avropa üzrə 5 faiz təşkil etdiyi halda, Azərbaycanda turist axınının artımı 10 faiz səviyyəsində müşahidə olunmuşdur.

Bütün bunlar Azərbaycanın beynəlxalq turizm bazarına inteqrasiyası, turizm sahəsində beynəlxalq əməkdaşlığının daha da inkişaf etdirilməsi, ölkələrarası dialoqun və gələcək əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar yaradır. Sessiyada ölkəmizin təklifi nəzərə alınaraq Dünya Turizm Təşkilatının Avropa Komissiyasının 2014-cü ildə növbəti iclasının Bakı şəhərində keçirilməsinə dair qərar qəbul olunmuşdur. Qəbul edilmiş qərar dövlət səviyyəsində turizmin inkişafına verilən dəstəyin beynəlxalq təsdiqidir. Bu isə Azərbaycanda yüksələn xətlə inkişaf edən turizm sektoruna əlavə imkanlar açmaqla inteqrasiyanı sürətləndirir.

2013-09-09 / 00:00
Facebook