Bu dəfə də Filippində nəşr olunan və Asiya qitəsinin inkişaf etmiş ölkələrində həyata keçirilən uğurlu islahatları, dövlət başçılarının fəaliyyətini əks etdirən, geniş oxucu kütləsinə malik “BizNewsAsia” jurnalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi “İlin adamı” elan etmişdir. Bu titul isə həyata keçirilən fəaliyyətin, gələcəyə istqamətlənən praqmatik siyasətin, “xalqa layiqli xidmət prinsipi”nin reallaşmasının uğurlu göstəricisidir. Həmçinin bu mövqe bir daha təsdiqləyir ki, Prezidentin zəngin və çoxşaxəli fəaliyyəti yalnız ölkə daxilində deyil, beynəlxalq arenada da xüsusi maraqla izlənilir və layiqincə dəyərləndirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 illik fəaliyyəti və onun rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə həyata keçirilən uğurlu islahatlar, əldə olunan nailiyyətlər göz qabağındadır. 2003-cü illəbugünümüzün müqayisəsi ildən-ilə əldə edilən uğurların, yürüdülən çevik və praqmatik siyasi xəttin anlaşılması baxımından imkan yaradır. Ötən on ildə Azərbaycanın istər daxili, istərsə də xarici siyasət sahəsində qazandığı uğurları sadalamaqla bitməz. Əldə olunan hər bir nailiyyətin mərkəzində məhz xalqa layiqli xidmətin reallaşması, xalqın arzuolunan həyat səviyyəsində yaşamasının təmini dayanır. Bu uğurlara Azərbaycan Prezidentinin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində nail olunmuşdur. Həmçinin xalqla bağlılıq, öz siyasətini xalq istəkləri ilə uzalaşdırılmış şəkildə həyata keçirmək Prezidentin xalqı təmsil edən, xalqın seçdiyi və dəstəklədiyi dövlət başçısı olmasına gətirib çıxarmışdır.
Məhz İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan regional liderə çevrilmiş, beynəlxalq müstəvidə özünəməxsus yer tutmuşdur. Azərbaycan həmçinin etibarlı tərəfdaşa, dünya dövlətlərinin əlaqəyə can atdığı zəruri əməkdaşa çevrilmişdir.
İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyata tətbiq olunan modern islahatların nəticəsidir ki, dünyanı bürümüş iqtisadi böhran Azərbaycana heç bir təsir göstərməmişdir. Ölkədə son 10 il ərzində işsizlik və yoxsulluq probleminin aradan qaldırılması istiqamətində məqsədyönlü strategiya tətbiq olunur. İstər enerji sahəsində, istərsə də qeyri-neft sektorunda, xüsusilə də təhsil, səhiyyə, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı kimi müxtəlif sahələrdə uğurlu islahatlar həyata keçirilir. Bu ilin əvvəlində Azərbaycan orbitə ilk telekommunikasiya peykini buraxmaqla kosmik ailənin üzvünə çevrilmişdir.
Müxtəlif din və millətlərin nümayəndələrinin yaşadığı Azərbaycan tolerantlıq məkanı kimi də özünü təsdiqləmişdir. Dünya dövlətləri üçün tolerantlıq nümunəsi olan Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələri sülh, qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Azərbaycanda mövcud olan bu tolerantlıq bəzi inkişaf etmiş dövlətlər üçün də nümunə mənbəyi rolunda çıxış edir.
Azərbaycan daxili siyasətdə olduğu kimi, xarici siyasətdə də xeyli nailiyyətlər əldə etmişdir. Beynəlxalq və regional təşkilatların fəal üzvü olan ölkəmiz BMT-nin Təhlükəsizlik Şurasına üzv qəbul olunmaqla bu imici daha da doğrultmuşdur. Qədim və zəngin tarixə, mədəniyyətə malik olan Azərbaycan bir sıra mötəbər forumlara, nüfuzlu konfranslara, simpoziumlara, müsabiqələrə yüksək səviyyədə ev sahibliyi etməsi artıq bir ənənə halını almışdır.
Azərbaycanda aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərini, regionların sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına xidmət edən dövlət proqramları yalnız bir məqsədə - vətəndaşların layiqli həyat səviyyəsinin təmin olunması, sosial problemlərinin həll olunmasına – xidmət edir. Sadalanan “xalq strategiyası”nın uğurlu nəticələrinin təsdiqidir ki, Prezident xalqın prezidenti imicini formalaşdırmış və xalqın dəstəklədiyi alternativsiz lider kimi qəbul olunmuşdur.