Gənclər siyasətinin inkişaf modeli

Bu gün Azərbaycan gəncləri ictimai-siyasi proseslərdə yaxından iştirak edir, ümummilli məsələlərə prinsipial vətəndaşlıq mövqeyindən yanaşırlar. Ölkəmizin sosial-iqtisadi, mənəvi-mədəni sahələrdə qazandığı böyük uğurları, hüquqi dövlət və vətəndaş cəmiyyətinin demokratik dəyərlər əsasında inkişafına hərtərəfli dəstək verir, əldə olunan nəticələri yüksək qiymətləndirirlər. Bütün bunları Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ümummilli maraqlara söykənən məqsədyönlü siyasətinin məntiqi nəticəsi hesab etmək olar.

Əldə edilən uğurları qorumaq, inkişaf etdirmək üçün müasir idarəçilik prinsiplərinə yaxından bələd olan gənc mütəxəsislərin yetişdirilməsi dövlətimizin əsas diqqətində duran məsələlərdən biridir. Çünki, Azərbaycanın gələcəyi məsuliyyətli qərarlar qəbul etməyi bacaran, dövlətin mənafelərini qorumağa və zamanın çağırışlarına cavab verməyə qadir olan kadrlardan asılı olacaqdır. Belə kadrların yetişdirilməsi üçün ölkəmizdə təhsilin səviyyəsini yüksəltməklə yanaşı, 5 min gəncin xarici ölkələrin nüfuzlu universitetlərində ölkəmiz üçün önəmli olan ixtisaslar üzrə ali təhsil almasını nəzərdə tutan proqramın icrası uğurla davam etdirilir.

Müstəqillik illərində qazandığımız böyük nailiyyətlərlə yanaşı, həllini gözləyən bir sıra problemlərimiz də mövcuddur. Heç kimə sirr deyil ki, Azərbaycanın qarşısında duran ən ağır məsələ Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, ərazi bütövlüyümüzün bərpa edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasıdır. Bu işdə ölkə gəncliyi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin bu problemin aradan qaldırılması istiqamətində apardığı siyasəti tam dəstəkləyir.

Qloballaşma meyillərinin gücləndiyi müasir dövr digər mühüm vəzifələrin də öhdəsindən gəlməyi gənclərdən tələb edir. İlk növbədə informasiya cəmiyyətinə keçidlə əlaqədar meydana çıxan yeni çağırışlara adekvat hazırlıq nümayiş etdirmək, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini lazımi səviyyəyə çatdırılması tələb olunur. Digər mühüm vəzifə milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin və dilimizin qorunması, daha da inkişaf etdirilməsi ilə bağlıdır.

Qarşıdakı illərdə gənclərin üzərinə yetərincə ciddi vəzifələr və tapşırıqlar düşür. Dövlətin də gənclərə ciddi dəstəyi sayəsində hər zaman olduğu kimi, Azərbaycan gəncliyi öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, ona miras verilmiş Müstəqil Azərbaycanın daha qüdrətli olmasına çalışacaq, onun ərazi bütövlüyünün tam təmin olunması işində mübariz və dönməz olacaqdır. Bunun üçün qarşıda duran bu vacib məsələlərin həlli hər bir gəncdən maksimum məsuliyyət, bilik, bacarıq, fiziki sağlamlıq, mənəvi saflıq, həmçinin birlik və mütəşəkkillik tələb edir.

2013-08-27 / 00:00
Facebook