Azərbaycan-Rusiya əlaqələri tarixi dostluğa, ümumi tarixə, mehriban qonşuluq münasibətlərinə dayanır. Müasir dövrdə isə dövlətlərarası əlaqələr qarşılıqlı tərəfdaşlıq+strateji müttəfiqlik+etibarlı əməkdaşlığa əsaslanır. Rusiya Prezidenti Vladimir Putinin reallaşan Azərbaycan səfəri məhz iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasının təsdiqləyici faktoru oldu. Səfər zamanı həyata keçirilən görüşlər, müxtəlif sahələri əhatə edən dövlətlərarası sazişlər əlaqələrin şaxələndirilmiş xarakter daşıdığını sübut edir.
Bugün Azərbaycan Rusiyanın 83 federal subyektindən 71-i ilə uğurlu əməkdaşlıq edir. Bununla belə, əlaqələrin daha da genişləndirilməsi üçün qarşılıqlı səfərlər, biznes forumlar, işgüzar görüşlər təşkil edilir. Rusiya Azərbaycan ilə iqtisadi əlaqələrdə ikinci yeri tutur, ticarət dövriyyəsi isə getdikcə artır. Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın həcmi 4 milyard dollarla ölçülür və bu göstərici də artmaqdadır. Azərbaycan dünyada ən yaxşı texnikadan biri sayılan Rusiya texnikasının aparıcı alıcısı olan ölkələr sırasınadadır. Eyni zamanda Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin tənzimlənməsi məsələlərində mühüm rol oynayır. Ötən il Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-dami üzvü seçilməsi məsələsi Şuranın daimi üzvü olan Rusiya Federasiyası tərəfindən rəğbətlə qarşılanmış və dəstəklənmişdir. Bu dövlətlərarası sabit, mehriban, qarşılıqlı mübadiləyə əsaslanan tarixi əlaqələrin böyük nəticəsi, Rusiya ilə Azərbaycan arasında bütün səviyyələrdə intensiv siyasi dialoqun mövcudluğunun əsas göstəricisidir.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana səfərinin uğurlu nəticələrini aşağıdakı kimi xarakterizə etmək olar:
-Səfər zamanı ikitərəfli münasibətlər, bu münasibətlərin gələcək inkişafı məsələləri müzakirə edildi;
-Səfər iki ölkə arasında aktual məsələlərin perspektiv müzakirəsi mümkünlüyünü yaratmaqla, əməkdaşlıq münasibətlərinin genişlənməsi və gələcək inkişafı üçün əlavə imkan yaradır;
- Səfər Azərbaycan - Rusiya münasibətlərinin strateji tərəfdaş və dostluq xarakterini bir daha sübut etdi;
-Səfər bir daha təsdiqlədi ki, regionda mövcud sabitlik uğurlu əməkdaşlıqdan+ qarşılıqlı tərəfdaşlıq+fəaliyyətlərin əlaqələndirilməsindən asılıdır;
-Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana səfəri çərçivəsində aparılan danışıqlar, imzalanan sənədlər gələcəkdə ölkələrimiz arasında iqtisadi, siyasi və digər sahələrdə münasibətlərin daha yüksək səviyyəyə çatdırılması üçün etibarlı hüquqi baza yaratmaqla tərəfdaşlığın gələcək uğurlu və perspektivli inkişafına xidmət göstərəcəkdir.
Rusiya Prezidentinin səfəri bir daha sübut etdi ki, Azərbaycanda həyata keçirilən uğurlu strateji xətt Rusiya tərəfindən də izlənilməkdə və təqdir olunmaqdadır. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-Rusiya tərəfdaşlığının müasir dövrdə yeni formatda zənginləşərək reallaşması Rusiya tərəfindən dəstəklənir. Bu əlaqələr ölkələrarası münasibətlərin yüksələn xətlə inkişafına və gələcəkdə də bu formada davamına dəlalət edir. Rusiya Prezidentinin Azərbaycana səfəri əlamətdar səciyyə daşımaqla ölkələrarası əlaqələrin qorunmasına töhfələrini verəcəkdir. Bu baxımdan səfəri uğurlu, münasibətlərin daha da möhkəmlənməsi və inkişafı baxımından əhəmiyyətli hesab etmək olar.