Elm və tərəqqi

Elm və təhsil, yüksək ixtisaslı kadr potensialı hər bir dövlətin davamlı sosial-iqtisadi, mədəni-intellektual yüksəlişinin əsas təminatı qismində çıxış edir. Elm intellektual potensial əhəmiyyətinə və üstünlüklərinə görə bu gün hətta zəngin təbii sərvətləri belə üstələyir. Müasir dünyada rəqabətə tab gətirmək üçün, ilk növbədə, təhsilə, zəngin biliklərə, informasiya texnologiyalarına arxalanmaq lazımdır. Davamlı inkişafa etibarlı zəmin tarixi təcrübə göstərir ki, təbii sərvətlərin zənginliyi bəzi hallarda xalqlara və dövlətlərə davamlı inkişaf deyil, çoxsaylı arzuolunmaz problemlər bəxş edir. İndinin özündə də neftlə zəngin bəzi ölkələrin gərginlik və qeyri-stabillik mühitində yaşaması, təbii sərvətləri üzərində sahiblik hüququnun itirilməsi ilə bağlı çoxsaylı misallar gətirmək mümkündür. Məhz Ümummilli liderin neftdən gələn gəlirin böyük qisminin insan kapitalına yönəldilməsini təmin etmək istiqamətində yeritdiyi məqsədyönlü strategiya inkişaf etmiş bir sıra dövlətlərin təcrübəsində özünü tam doğrultmuşdur. Neft Azərbaycan üçün məqsəd deyil,davamlı iqtisadi tərəqqini təmin etmək üçün vasitə olaraq qəbul edilmişdir. Dünya təcrübəsində iqtisadiyyatın yalnız neft üzərində qurulması,habelə neft gəlirinə güvənlik nəticəsində iqtisadi sistemi iflic edən “Holland sindromu” kimi mənfi presedent də var. Məhz buna görə də ulu öndərimiz iqtisadi inkişafa yalnız neft amili hesabına nail olmağı məqbul saymamış, tarazlı və davamlı tərqqi naminə qeyri-neft sektoruna xüsusi diqqət yetirilməsini önə çəkmişdir Bu əvəzsiz təbii sərvətin ixracından qazanılan böyük vəsaitlərin,ilk növbədə,insan faktorunun inkişafına yönəldilməsi,elmi-texniki tərəqqinin son nailliyətlərinin tətbiqi yolu ilə dayanıqlı milli inkişafın təmin edilməsi  rasional strategiyanın fundamental əsasını təşkil edir.

Dövlət siyasətinin əsas istiqamətlərindən biri də elm, təhsil və mədəniyyət sahəsinə göstərilən qayğının ardıcıl davam etdirilməsi, elmi-texniki potensialın qorunub saxlanılması, elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, onlara qayğı göstərilməsi, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində bir sıra mühüm qərarların qəbul edilməsi olmuşdur. Dövrün tələbinə uyğun olaraq mühüm sosial-iqtisadi problemlərin həllində elmin və texnikanın rolunun yüksəldilməsi, dövlətin informasiya ehtiyatlarının artırılması və innovasiya proseslərinin sürətləndirilməsi məqsədilə Azərbaycanda elm sektorunun inkişaf strategiyasını hazırlamışdır. Bu strategiya Azərbaycanda elmi-texniki bazanın müasirləşdirilməsinə, Azərbaycanın müasir inkişaf modelinin təməlini təşkil edəcək elm strategiyasının təkmillə.məsinə xidmət edir. Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasını sürətləndirmək, dövləti texnoloji cəhətdən modernləşdirmək, müasir dövrün tələb və reallıqlarına uyğun şəkildə elm strategiyası həyata keçirmək gələcək uğurlu gözləntilərin də reallaşacağı qənaətini doğurar. Azərbaycan Respublikasında elmin inkişafının dövlətin iqtisadi, siyasi, sosial, hüquqi, mənəvi, mədəni və milli təhlükəsizlik sahələrini əhatə edən siyasətinin prioritet istiqamətlərindən birini təşkil etməsi məsələyə kompleks yanaşmanın mövcudluğundan, elm siyasətinin dövlətin digər strateji bazisləri ilə vəhdətdə reallaşmasından xəbər verir. Bu da təsadüfi deyildir. Müasir dövrün reallıqları sübut edir ki, elmin strateji inkişaf konsepsiyasına dayanmadan beynəlxalq əhəmiyyətli heç bir uğur və perspektivdən söhbət gedə bilməz.
 

2013-08-21 / 00:00
Facebook