Bu gün dünyada ən uğurlu və dinamik inkişaf edən iqtisadiyyata, çoxmilli birgəyaşayışın tolerant modelinə malik olan Azərbaycan üçün lider və dövlət mövzusu çox önəmlidir. Milli quruculuq və siyasi lider fenomeni yalnız nəzəri diskussiyaların mövzusu olmayıb, xalqımız üçün müstəqillik tarixinin gerçəkliyə çevrilən faktı və reallığıdır. Yeni tarixə qovuşan Azərbaycan və müstəqilliyinin ilk 20 illik mərhələsi ən parlaq hadisə olmaqla yanaşı, eyni zamanda, bu tarixi yaradan çoxsaylı amilləri, ən başlıcası isə “milli quruculuq və siyasi lider” faktorunu bir daha dərin təhlil etməyi zəruri edir. Yalnız bu halda məlum olur ki, milli quruculuq birbaşa müstəqillik haqda bəyannamədən “öz-özünə” yaranan, fərmanla verilən status olmayıb, siyasi lider - xalq vəhdətinin, mürəkkəb və fədakar milli quruculuq prosesinin nəticəsidir.
Azərbaycan geosiyasi məkanı, zəngin təbiəti, Şərq və Qərb arasında ortaq-sintez sivilizasiya missiyası ilə tarix boyu qlobal güclərin maraqlarının diqqət mərkəzindədir və belə bir dövlətin lideri olmaq daha da çətindir. Dövləti və xalqı güclü edən təkcə dövlət qurmaq bacarığı deyil, eyni zamanda onu yaşatmaq iqtidarında olan, milli birliyi təmin edən və dünya xəritəsində dövlətinin yerini və mövqeyini qoruyan liderlərdir.
Lider dövrün tələblərini qiymətləndirməyi bacarmalı, düzgün nəticələr çıxarmalı, fəaliyyətini yalnız bu günə deyil, gələcəyə doğru da istiqamətləndirməli, səmimi olmalı, ictimai rəyi öz arxasınca aparmağı bacarmalı, konkret fəaliyyət nümayiş etdirməli, heç bir təsiri olmayan “quru şüarlarla” çıxış etməməli, çevik və qətiyyətli qərarlar verməyi bacarmalı, xalqının firavan və təhlükəsiz yaşamasını təmin etməlidir. Doğurdan da onun istəyi ilə fəaliyyəti uyğunlaşmalıdır. Zamanın tələblərini nəzərə almaqla, düzgün qərarlara imza atmaqla, bu istiqamətdə fəaliyyətə doğru irəliləməlidir. Yaranmış problemlərin həllində yeni üsullara əl atmalı, milli mənafenin ön plana çəkilməsi, problemin tərəflərin razılığı və birgə səyi nəticəsində həllinə çalışılmasına nail olmalıdır. Lider fəaliyyətinə “tələblər+reallıqlar” prizmasından yanaşmalıdır.
Günümüzün reallıqları göstərir ki, dünya həqiqətən də dəyişir. Dəyişən dünyada liderlik keyfiyyətlərinə malik olan şəxsiyyətlərə tələbkarlıq artır, yeni tipli liderlərə ehtiyac duyulur. Hər bir dövlətin dünya nizamında yeri və rolu liderin fəaliyyəti ilə birbaşa əlaqəlidir. Azərbaycan Respublikasının son bir neçə ildə dünya siyasətində qazandığı uğurlar da məhz Prezident İlham Əliyevin yeni tipli siyasi lider kimi özünü təsdiq etməsi ilə əlaqədardır.