Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsilə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Həmçinin, dünyanın istənilən ölkəsində gənclər sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyətin islahatları hərəkətə gətirən zümrəsi hesab olunur. Gənclər cəmiyyətin ən dinamik zümrəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Nəsillər dəyişir, ölkələr inkişaf edir. Ancaq ənənələr, milli dəyərlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, onun mənsub olduğu xalqın rifahının və ölkənin inkişafının təməlində dayanması hər bir şəraitdə dəyişməz olaraq qalır.
Azərbaycan Respublikasının son dövrlərdə keçdiyi sürətli inkişaf yolu, ildən-ilə artan siyasi və iqtisadi potensialı insan hüquq və azadlıqları ilə yanaşı, hər bir vətəndaşa layiqli həyat səviyyəsini təmin etmək üçün də geniş imkanlar açmışdır. Vətəndaş cəmiyyətinin formalaşdırılmasına, insanların rifahının yüksəldilməsinə yönələn əsaslı hüquqi və sosial-iqtisadi islahatlar dövlətimizin müstəqilliyini gücləndirmiş, ölkəmizin gələcək tərəqqisi üçün möhkəm zəmin yaratmışdır. Qeyd olunan bu uğurların əldə edilməsində Azərbaycan gənclərinin də müəyyən xidmətləri olmuşdur. Bu ilk növbədə dövlətin gənclərə böyük inamının və güvəncinin təzahürüdür. Əgər ötən illərə nəzər salsaq görərik ki, son illər ərzində Azərbaycan gənclərinin müasir dövrün elmi biliklərindən və nailiyyətlərindən bəhrələnməsi, xarici ölkələrin ali məktəblərinə təhsil almağa göndərilməsi, ixtisaslı kadrlar kimi yetişməsi üçün mühüm addımlar atılmışdır.
Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak edərək tarixi nailiyyətlər qazanıblar. Azərbaycan gənci ilk öncə müstəqil Azərbaycanın bugünü və gələcəyi haqqında düşünməli, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirməlidir. Buna gənclərin yüksək potensialı, əldə etdikləri elmi bilikləri, güclü vətənpərvərlik hissləri tam imkan verir.
Dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başlayır. Məhz buna görə də xalqımızın problemlərini müasir dünya kontekstində həll edə bilmək üçün Azərbaycan gənclərinin təşkilatlanması, zamana uyğun aktivliyi vacib məsələdir. Milli mənafeləri müdafiə etmək prosesində qarşıya çıxan problemləri həll etmək üçün iradə, siyasi dözüm, vətənpərvərlik, siyasi məsuliyyət kimi xüsusiyyətləri formalaşdırmaq mühüm əhəmiyyət kəsb edir.
Bu gün Azərbaycan gəncləri ictimai-siyasi proseslərdə yaxından iştirak edir, ümummilli məsələlərə prinsipial vətəndaşlıq mövqeyindən yanaşırlar. Ölkəmizin sosial-iqtisadi, mənəvi-mədəni sahələrdə qazandığı böyük uğurları, hüquqi dövlət və vətəndaş cəmiyyətinin demokratik dəyərlər əsasında inkişafına hərtərəfli dəstək verir, əldə olunan nəticələri yüksək qiymətləndirirlər. Bütün bunları Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ümummilli maraqlara söykənən məqsədyönlü siyasətinin məntiqi nəticəsi hesab etmək olar. Azərbaycanın gələcəyi məsuliyyətli qərarlar qəbul etməyi bacaran, dövlətin mənafelərini qorumağa və zamanın çağırışlarına cavab verməyə qadir olan kadrlardan asılı olacaqdır.