Dövlətçilik naminə fəaliyyət

Bugün müstəqil dövlətimizin rəhbəri, zəngin düşüncə və təfəkkürə malik, müasir tipli lider İlham Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafı naminə misilsiz fəaliyyəti uzunmüddətli bir prosesin tərkib hissəsidir. Prezident İlham Əliyev Avropa Şurasında Azərbaycanın nümayəndə heyətinin rəhbəri, AŞPA-nın sədr müavini, büro üzvü, ARDNŞ-nin I vitse-prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti, millət vəkili kimi mühüm postlarda böyük nailiyyətlər əldə etmişdi. Bu nailiyyətlərin arxasında dayanan amil isə  daim milli mənafeyi ön plana çəkməsi, milli birliyin təmin olunması istiqamətində qətiyyətli fəaliyyəti və bu zərurətdən irəli gələn millət sevgisi idi. Dövlət başçısının Baş Nazir kimi uğurlu fəaliyyəti isə Azərbaycan tarixinə mühüm, əlamətdar hadisələrdən biri kimi daxil olub.

2003-cü ildə ümumilli lider Heydər Əliyevin təqdimatı ilə İlham Əliyevin Baş nazir vəzifəsinə namizədliyi irəli sürülmüş və parlamentin də tam dəstəyini qazanmaqla  avqust ayının 4-də Baş nazir kimi səlahiyyətlərini icra etməyə başlamışdır. İlham Əliyevin Baş nazir vəzifəsinə seçilməsi bir tərəfdən onun əvvəlki xidmətlərinin nəzərə alınması əsasında baş tutmuşdursa, digər tərəfdən isə bu məsuliyyəti yerinə yetirə biləcək yeganə şəxs kimi qəbul olunmasının, milli inamın göstəricisi idi. Bu təyinat ölkədəki ictimai-siyasi sabitliyi qorumağa, eyni zamanda daha proqressiv təminata imkan verməyə xidmət edirdi.  İlham Əliyevin Baş nazir kimi həyata keçirdiyi sosial-iqtisadi islahatlar ölkənin gələcək inkişafına öz müsbət təsirini göstərmiş və ölkəmizin iqtisadi inkişafa görə lider dövlətə çevrilməsinə səbəb olmuşdur. Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsində daim Heydər Əliyevin ən yaxın silahdaşı olan  İlham Əliyev yeni Azərbaycanın quruculuğunda əməli addımlar atmışdır. Məhz İlham Əliyevin Baş nazir vəzifəsinə təyin olunmasından sonra Onun ölkənin inkişafı sahəsində həyata keçirdiyi tədbirlər sonrakı dövrdə  xalqın rəğbətini daha da artırmış, dövlət başçısı vəzifəsinə seçilməsinə şərait yaratmışdır. Bütün bunları yaxşı bilən uzaqgörən siyasətçi, ümumilli lider Heydər Əliyev  xalqın gələcəyini düşünərək İlham Əliyevin onun siyasətinin layiqli davamçısı olduğuna inanaraq ilk olaraq, Baş nazir, daha sonra isə prezident vəzifəsinə seçilməsinə müsbət rəyini vermişdir. Heydər Əliyevin 2003-cü il Prezident seçkilərində İlham Əliyevin namizədliyini irəli sürməsi onun Azərbaycanın gələcəyi üçün layiqli lider olacağını və ölkənin davamlı inkişaf etməsi üçün əlindən gələni edəcəyini düşünməsindən irəli gəlirdi.

Baş nazir kimi  qısamüddətli fəaliyyətində Azərbaycanın uğurlu inkişafının davamına, işıqlı gələcəyinə təminat vermişdir. Bunun nəticəsidir ki, millət qarşısında böyük nüfuz sahibi olan, rəğbət qazanan İlham Əliyev 2003-cü ilin Prezident seçkilərində xalqın böyük bir hissəsinin dəstəyini qazanmaqla alternativsiz lider imicini də formalaşdırmışdır. 2008-ci ildə də xalq düzgün seçimi ilə 5 illik fəaliyyətlə uğur qazanmış rəqibsiz liderin yenə bu posta layiqliliyini  sübut etdi.

Prezident İlham Əliyevin islahatçı lider kimi tanınması, müstəsna təşkilatçılığı sayəsində son illərdə qazanılmış nailiyyətlər birmənalı şəkildə ulu öndər Heydər Əliyevin dövlətçilik ideallarına sadiqliyinin parlaq təcəssümü olmaqla hər bir Azərbaycan vətəndaşının qəlbində milli iftixar və ölkəmizin parlaq gələcəyinə dərin inam hisslərini daha da gücləndirmişdir. Təsadüfi deyildir ki Prezident seçkiləri ilə bağlı ümumrespublika rəy sorğusu iştirakçılarının 81,2 faizi dövlətimizin başçısı İlham Əliyevə səs verəcəklərini bildirmişdir. Bu faiz isə daim milli birliyi, sabitliyi qorumağa çalışan, uğurlu strateji konsepsiyası ilə Azərbaycanı regional liderə çevirən dövlət başçısının uzunmüddətli siyasi fəaliyyətinə olan inam və rəğbətin göstəricisidir.
 

2013-08-07 / 00:00
Facebook