Bu gün demokratik dövlət quruculuğu istiqamətində əvəzolunmaz nailiyyətlərə imza atmış Azərbaycan üçün ən ağır problem məhz tarixi qədim dövrlərə dayanan, faktiki isə 20 ildən artıq bir dövrü əhatə edən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmamasıdır. Təəssüfedici bir haldır ki, münaqişənin nizamlanmasına dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin olmasına, digər beynəlxalq təşkilat və institutların Azərbaycanın ərazi bütövlüyünün tanıması, münaqişənin həlli ilə bağlı tutduğu ədalətli mövqeyə baxmayaraq vəziyyət dəyişməyib. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səyləri münaqişənin nizamlanmasında nəinki əsaslı dəyişikliklərə, hətta obyektiv nəticəyə də səbəb olmayıb . Çox vaxt paradoksal çıxışları ilə yadda qalan həmsədrlərin bəyanatları beynəlxalq hüquqa dayanmır. Belə olan halda münaqişənin ədalətli həllinə olan ümidlər də azalır və müharibə təhlükəsi istisna olunmur.
Azərbaycan bütün dünya dövlətləri üçün nümunə ola biləcək tolerant cəmiyyət modelini formalaşdırmışdır. Daim humanist yolla münaqişənin həlli istiqamətində nailiyyətlərə imza atmaq istəyində olan dövlətimizin bu mövqeyi, görünür, bir qədər “subyektiv” qarşılanır. Azərbaycan ərazi bütövlüyümüzün tanınması, 1 milyondan artıq qaçqın və köçkünümüzün öz yurdlarına qayıtması şərtilə həllə çalışdığını dəfələrlə bəyan etmişdir. Münaqişənin həlli istiqamətində ilk addımlar həmişə dövlətimiz tərəfindən atılmış, indiyə qədər reallaşan dövlət başçılarının görüşləri də Azərbaycanın təşəbbüsü ilə baş tutmuşdur. Bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyevin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşündə də Azərbaycan və Ermənistan prezidentlərin görüşünün vacibliyi önə çəkildi və irəliləyişlərin əldə edilə biləcəyi vurğulandı. Prezident İlham Əliyev tərəfindən yaxın gələcəkdə prezidentlərin görüşünün həyata keçirilməsi təklif olundu. Bu isə Azərbaycanın humanist mövqeyinin bariz nümunəsidir.
ATƏT-in Parlament Assambleyasının İstanbulda başa çatmış 22-ci illik sessiyasında qəbul edilmiş bəyannamənin 39-cu bəndində dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsi, habelə beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı vurğulanır, lakin millətlərin təyini-müqəddərat hüququ barədə isə bir kəlmə də vurğulanmır. Bəyannamənin 37-ci bəndində qeyd olunmuşdur: “ATƏT-in Parlament Assambleyası ... ATƏT-in Minsk qrupunun həmsədrlərini Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaq üçün Ermənistan və Azərbaycanla qarşılıqlı fəaliyyəti davam etdirməyə çağırır”. Sənədi anlaşılmaz edən amillərdən biri məhz Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinin açılmamasıdır. Münaqişənin həlli zamanı heç bir amil ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri pozmamalıdır.
Lakin Ermənistan alışdığı qeyri-düzgün yollara nə qədər əl atsa da təcavüzkar dövlət imicini dəf edə bilməmişdir. Təsadüfi deyildir ki, Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Avropa Şurası Nazirlər Komitəsində sədrliyin Ermənistana keçməsi ərəfəsində həmin ölkəyə rüsvayçı “təcavüzkar dövlət” damğası vuran sənəd qəbul etmişdir. Avropa İttifaqı ölkələrindən olan 31 nümayəndənin imzaladığı sənəddə deputatlar Avropa Şurasının Nazirlər Komitəsində Ermənistanın sədrlik etməsinin məqsədəuyğunluğunu şübhə altına almışlar. Nümayəndələr məruzə hazırlanmasını və Nazirlər Komitəsində Ermənistan Respublikasının sədrliyinin etibarsız sayılması məsələsinin müzakirə olunmasını Büroya təklif etmişlər. Sənədin obyektivliyini sübut edən digər bir təsiredici faktor budur ki, sənədi imzalayanlar arasında bir nəfər də türk və azərbaycanlı yoxdur. Sənəd bütünlüklə Avropa İttifaqı ölkələrindən olan deputatların təşəbbüsüdür.
Ermənistan münaqişənin həllində tutduğu qeyri-konstruktiv mövqedən əl çəkməyincə, mövcud “subyektiv təhlillər” azalmadıqca münaqişənin sülh yolu ilə həllinə inam azalır. Aqressiv davranışları ilə yadda qalan Ermənistan hökumətinin Moldova Ombudsmanın ədalətli çıxışına olan zorakı münasibət, cərəyan edən hadisələr bunu bir daha sübut edir və müharibə ehtimalını maksimallaşdırır. Azərbaycan Respublikası dəfələrlə bəyan etmişdir ki, öz ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına icazə verməyəcək, zəruri olduğu halda müharibə yolu ilə torpaqların qaytarılmasını təmin edəcəkdir.