Milli lider Heydər Əliyevin müasir Azərbaycan gəncliyinə töhfəsi

Tarix boyu hər bir millətin taleyində onun xilaskarı rolunda çıxış edən şəxsiyyətlər olmuşdur. Azərbaycan xalqının çox ağır bir şəraitində – bir millət, bir dövlət kimi tarixdən silinməsi təhlükəsi ilə üzbəüz qaldığı bir zamanda Heydər Əliyev hakimiyyətə gələrək öz xilaskar missiyasını yerinə yetirdi. Qədirbilən Azərbaycan xaqlı onun gördüyü misilsiz xidmətləri heç zaman unutmamışdır və unutmayacaqdır. Bütün Azərbaycan vətəndaşları, xüsusən də gənclər onun xatirəsini hər zaman əziz tutur. Gəncləri xüsusilə vurğulamağımızın səbəbi, Azərbaycanın bu günkü inkişafının məhz Heydər Əliyevin zamanın çətin sınaqlarından uğurla keçən dövlətçilik siyasətinin nəticəsi olduğunu çox gözəl dərk etmələridir. Müasir Azərbaycan gəncliyi qloballaşma şəraitində dünya ölkələrilə Azərbaycanı müqayisə etmək imkanına malikdirlər. Bizim müstəqilliyimizin nə qədər möhkəm olduğuna, iqtisadi və siyasi cəhətdən inkişafımızın sağlam təməllər üzərində qurulduğuna gənclərimizin inamı və əminliyi böyük və mübahisə olunmazdır.

Hər bir cəmiyyətin inkişafında gənclər aparıcı yer tutur. Çünki, gənclər cəmiyyətin əsas hərəkətverici qüvvəsidir. Xalqın, millətin gələcəyini gənclərsiz təsəvvür etmək mümkünsüzdür. Gənclərin ölkənin inkişafında oynaya biləcəyi rolu çox gözəl dərk edən Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu illərdə gənclərə xüsusi diqqətlə yanaşmış, onların potensiallarının üzə çıxarılması, ictimai fəallıqlarının artırılması, dövlətçiliyin inkişafına öz töhfələrini verə bilmələri üçün əlverişli şəraitin yaradılması məqsədilə bir sıra addımlar atmışdır. Onun gənclərə diqqət və qayğısını bu fikirlərindən çox açıq və aydın görmək mümkündür: “Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın prezidenti sizin - gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır”.

Ulu Öndər Heydər Əliyev gənclərin yalnız biliklərinin, intellektual qabiliyyətlərinin inkişaf etdirilməsinə deyil, həmçinin onların fiziki cəhətdən sağlam olmasının qayğısına qalırdı. Bunun üçün o, Azərbaycanda idman və bədən tərbiyəsinin inkişafına dəstək verərək ölkəmizdə idman komplekslərinin tikilməsinə, Olimpiya və dünya çempionatlarında idmançılarımızın dövlətimizi və bayrağımızı layiqincə təmsil etməsinə şəxsən nəzarət edirdi.

Heydər Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğının nəticəsində bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə malik, vətənpərvərlik ruhunda tərbiyə olunmuş, millətini və dövlətini sevən gənclər formalaşmışdır. Heç bir şübhə yoxdur ki, Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektual biliklərə sahib olmağında, əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan və onun layiqli davamçısı İlham Əliyev tərəfindən davam etdirilən dövlət gənclər siyasətinin mühüm rolu vardır. Bu siyasətin əsasını milli- mənəvi dəyərlərə sadiq olan, öz bilik və bacarıqlarını Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin qorunması və inkişaf etdirilməsi, ölkəmizin azadlığı və onun qorunması uğrunda canından keçməyə hazır olan, vətənpərvərlik ruhunda tərbiyə olunmuş gənc nəslin yetişdirilməsi kimi məsələlər təşkil edir.

Əlbəttə bu baxımdan biz gənclərin də üzərinə böyük məsuliyyət düşür: milli dövlətçiliyin və müstəqilliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə irəli sürdüyü fikirlərə və ideyalara sadiq qalaraq Azərbaycanın hazırkı və gələcək inkişafında öz töhfəmizi vermək, öz enerjimizi, bilik və bacarıqlarımızı bu istiqamətdə istifadə edərək İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinə daim dəstək verməkdir.

2013-06-11 / 00:00
Facebook