Heydər Əliyev irsinə sadiq və layiq Fond

Xalqın milli-mənəvi dəyərlərini, tarixi kimliyini, milli özünəməxsusluğunu qoruyub saxlayan, həmçinin gələcək nəsillərə də ötürməyi bacaran Milli lider Heydər Əliyev hakimiyyətə gəldiyi andan etibarən elmin, təhsilin, milli-mənəvi dəyərlərin böyük hamisinə və qoruyucusuna çevrilmişdir. Məhz bu prinsiplər üzərində əsaslanmaqla Ulu öndərin vəfatından sonra 10 may 2004-cü ildə Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, Azərbaycan xalqının Ümummilli Liderinin zəngin irsinin öyrənilməsi və həmçinin, Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi ilə Heydər Əliyev Fondu yaradıldı. Heydər Əliyev Fondu təhsil, mədəniyyət, maarif, elm, texnologiya, ekologiya və idman sahələrində müxtəlif layihələrə dəstək verir, həm ölkə çərçivəsində, həm də beynəlxalq səviyyədə fəaliyyət göstərir. Azərbaycan səhiyyəsinə, təhsilinə, mədəniyyətinə, idmanına böyük qayğı ilə yanaşan Heydər Əliyev Fondu bu və ya digər missiyaları həyata keçirməklə Ümummilli Liderin ideyalarına sadiq qaldığını nümayiş etdirir. Fond bir-birinin ardınca  sosialyönlü, humanitar sahələrdə layihələri həyata keçirməklə dünya dövlətlərinin diqqətini ölkəmizə cəmləşdirmişdir. Bütün sahələrdə əldə edilən uğurlarımızda Fondun prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın layihələrin reallaşmasına, Azərbaycan reallıqlarının beynəlxalq arenada təbliğinə verdiyi töhfələrin əhəmiyyəti danılmazdır.

Fond müxtəlif yönümlü layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir. Dünyanın nüfuzlu mətbu orqanlarının fondun reallaşdırdığı layihələrlə bağlı əks-səda doğuran məqalələri, həqiqətən də, Mehriban xanım Əliyevanın fəaliyyətinin izlənildiyini, diqqətdən kənarda qalmadığını göstərir. Fond yarandığı zamandan bu günə qədər yerli və beynəlxalq əhəmiyyətli uğurlara imza atır.  Məqsəd isə müxtəlif mədəniyyətlər arasında kəsişən nöqtələri tapıb qloballaşan dünyada sülh şəraitində birgə yaşayışı təmin etməkdir. Azərbaycan müxtəlif mədəniyyətlərin, dinlərin, dəyərlərin, Qərb və Şərq təsirlərinin qovşağı kimi birgə yaşayışa əyani sübutdur. Fondun xaricdə reallaşdırdığı layihələrə Strasburqda kilsənin restavrasiyasına 1,5 milyon avro ayrılması və Vatikanla Romadakı bəzi abidələrin restavrasiyası üçün imzalanan memorandumunu misal çəkmək olar.

Qızıl ürək və Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondunun mükafatına layiq görülən Mehriban xanımın ―Əsrlərin xeyriyyəçiləri Beynəlxalq Fondunun Yaqut Xaç ordeninə, ―XXI əsrin böyük qadın laureatı adına, YUNESKO-nun ―Qızıl Motsart medalına, Krans Montana Forumunun qızıl medalına layiq görülməsi, İNTERPOL-un 2011-ci ildə təsis etdiyi “Daha təhlükəsiz dünyanın yaradılmasında xidmətə görə” yadigar medalının təqdim olunduğu ilk şəxs olması və s. kimi müxatəlif təltifləri illərdən bəri çəkilən zəhmətə beynəlxalq səviyyədə verilən dəyərdir.

Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı soyqırımı hər il dünyanın 100-dən artıq nöqtəsində qeyd olunur. Qarabağın tarixi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanması, Xocalı soyqırımı, erməni təcavüzünün nəticələri, erməni terror təşkilatlarının ölkəmizə qarşı fəaliyyəti ilə  reallığa uyğun informasiyaların dünya ictimaiyyətinə çatdırılması Fondun prioritet istiqamətlərindəndir. Bu sahəyə xüsusi həssaslıqla yanaşıldığını “Qarabağ həqiqətləri" toplusunu, "Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması" və s. müxtəlif dillərdə dərc olunan nəşrləri göstərir.

Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda da yüksək qiymətləndirilir. Ümummilli liderin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan, millətin gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla həyata keçirən Heydər Əliyev Fondu milyonların ümid, pənah yerinə çevrilmiş, qarşıya qoyduğu vəzifələri lazımınca yerinə yetirmək iqtidarında olduğunu sübut etmişdir. Ötən 9 il ərzində qazanılan uğurlara diqqət yetirsək bu həqiqəti bir daha təsdiqləmiş olarıq. Fond Ulu Öndər prinsiplərinə sadiqliyini və bu öhdəliyə layiq olduğunu nümayiş etdirmişdir.

2013-06-11 / 00:00
Facebook