Azərbaycanda ekoloji təhlükəsizliyin təmini proseduru

XXI əsrin gündəliyində irəli sürülən müddəaların müəyyən hissəsi ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə ilə bağlıdır. Çünki təbiət obrazlı şəkildə ifadə etsək bizim evimizdir və bizim gələcəyimiz bu evi necə saxlamamızdan, onun təmizliyinin qorunub saxlanmasına necə riayət etməmizdən çox asılıdır. Bir sözlə, ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həll edilməsi  davamlı inkişaf üçün vacib amillərdən biridir.

  Azərbaycan Respublikası ekoloji sağlamlığın təmini,  gələcək nəsillərə təmiz ekoloji mühitin ötürülməsi məqsədilə müvafiq addımlar atır. Azərbaycanın mövcud təbii-coğrafi şəraiti, zəngin təbii ehtiyatları ekoloji təhlükəsizliyinin daim diqqət mərkəzində olmasını tələb edir. Son illərdə ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli, təbii ehtiyatlardan səmərəli istifadə edilməsinin hüquqi bazasının yaradılması istiqamətində respublikamızda müəyyən işlər görülmüşdür. Məsələn,1998-ci ildə ətraf mühitin mühafizəsi üzrə milli fəaliyyət planı hazırlanmışdır. Davamlı inkişafa keçid prinsiplərinə uyğun olaraq ətraf mühit və təbii ehtiyatların sistemli idarə olunması istiqamətində müəyyən institusional tədbirlər görülmüşdür. Bu tədbirlərdən ən mühümü 2001-ci ilin  may ayında yeni strukturları əhatə edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılmasıdır. “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın icrası ilə əlaqədar bir sıra layihələr uğurla icra olunmuşdur.

Azərbaycanın ekoloji təhlükəsizliyinə olan təhdidləri və bu problemləri doğuran səbəbləri aşağıdakı kimi sadalamaq mümkündür:

- Azərbaycan Respublikasındakı ekoloji problemlər Sovet İttifaqının enerji ehtiyatına olan ələbatının ödənilməsi məqsədi ilə əsasən Abşeron yarımadasında və Xəzər dənizində ekoloji nəticələr nəzərə alınmadan qeyri-təkmil üsullarla onilliklər ərzində aparılmış neft hasilatı ilə bağlıdır.

- Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində flora və faunanın kütləvi şəkildə məhv edilməsi, o cümlədən bu ərazilərdə törədilən genişmiqyaslı yanğınlar ölkə üçün ən böyük ekoloji problemlərdən birinə çevrilmişdir;

- Azərbaycan Respublikasının şirin su ehtiyatlarının böyük həcminin qonşu ölkələrdə formalaşması və bu ölkələrin ərazilərində kimyəvi, radioaktiv və digər zərərli maddələrlə intensiv çirklənməyə məruz qalması əhalinin içməli su ilə təmin olunmasında problemlər yaradır;

- Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə əlaqədar vurulan ziyanlar, sənaye mərkəzlərində atmosfer havasına zərərli qazların yol verilən normadan artıq atılması ekoloji təhlükəsizliyin minimallaşmasını sual altına alır;

- Həmçinin Ermənistan ərazisində seysmik zonada yerləşən və texnoloji baxımdan köhnəlmiş Metsamor Atom Elektrik Stansiyası nəinki Azərbaycan, bütövlükdə region üçün təhlükə mənbəyi, dövlətlərin ekoloji təhlükəsizliyinə böyük təhdiddir.

Azərbaycan Respublikası zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik olan bir dövlət kimi geniş imkanlara malikdir. Bu imkanlar isə ekoloji təhlükəsizlik üçün proqressiv amil kimi qiymətləndirilməyə bilər. Çünki sənayenin inkişafı ekoloji problemlər doğurmaq iqtidarındadır. Belə problemlə üzləşməmək üçün ekoloji cəhətdən təmiz texnologiyaların Azərbaycana gətirilməsi stimullaşdırılmalıdır. 

Azərbaycan qlobal ekoloji problemlərin həllində aktiv iştirak etməklə, regional  və beynəlxalq səviyyədə geniş fəaliyyət göstərir. Beynəxalq konvensiyaların ratifikasiyası, beynəlxalq sahədə əməkdaşlığın genişlənməsi, eyni zamanda milli səviyyədə qanunların qəbulu və həyata keçirilməsi sübutedici faktorlardır.

Son zamanlar ətraf-mühitin mühafizəsi istiqamətində IDEA kompaniyasının fəaliyyəti danılmazdır. 12 iyul 2011-ci il tarixindən Leyla Əliyevanın ideyası əsasında fəaliyyətə başlayan kompaniya ölkə daxili, həmçinin xarici fəaliyyəti ilə uğurlara imza atır, müxtəlif layihələr və tədbirlərlə ekoloji şüurun formalaşmasına, ekoloji təhsilin artırılmasına xidmət edir. Kompaniyanin diqqətçəkici xüsusiyyəti isə ondan ibarətdir ki, hər bir layihə  gənc nəslin təşəbbüsü, iştirakı və  rəhbərliyi ilə gerçəkləşir . Kompaniya çərçivəsində görülən bütün işlər yalnız bir amala yönəlir - gənc nəsli  ətraf mühitin qorunmasına səsləmək, bu gün və gələcək üçün sağlam ekoloji mühitin formalaşmasına çalışmaq.

Sonda qeyd etmək istərdim ki, ekoloji mühitin tənzimlənməsinə yönələn siyasət kompleks həyata keçirilən strategiya olmalı və qarşılıqlı tənzimləmə fonunda biruzə verilməlidir. Çünki hər bir istiqamət müvafiq olaraq əvvəlkinin davamı kimi özünü göstərir.
 

2013-06-11 / 00:00
Facebook