Azərbaycançılıq ideologiyası Müasir Azərbaycanın inkişaf modelinin təzahürü kimi

Bu gün dünyada qloballaşma prosesi gedir və hər bir dövlət istər-istəməz bu prosesə müəyyən mənada cəlb olunur. İnkişaf etmiş ölkələr öz həyat tərzini və sosial-hüquqi normalarını hamıya qəbul etdirməyə çalışır, milli-mənəvi dəyərlərinin digər dövlətlərə də aşılanmasına çalışırlar. Azərbaycan dünyada gedən inteqrasiyadan kənar dayanmır. Qərb dünyası bizi özünə qəbul  etmək üçün əvvəlcə bizi özü kimi etməyə, yəni özününküləşdirməyə çalışır. Ulu Öndər Heydər Əliyevin böyüklüyü məhz onda idi ki, o, fərqli proseslərin kəsişmə  xəttini, vəhdət məqamını tapmağı bacarırdı.  Dünya xalqları sırasında öz dəsti-xətti və çoxəsrlik dövlətçilik tarixi ilə seçilən Azərbaycan xalqı tarixi sınaqlardan çıxmaqla müstəqilliyini, milliliyini qorumağı bacarmışdır. Bu isə emosional özünüdərketmə yoluyla reallaşmamışdır. Nəzəri və ideoloji səviyyədə, rasional dərketmə vasitəsilə müəyyənləşdirilmişdir. Rasional müəyyənləşmə üsulu isə məhz azərbaycançılıq ideologiyasının zəruriliyini doğurmuşdur.

Azərbaycançılıq ideolgiyası Azərbaycan Respublikasında yaşayan azərbaycanlıların deyil, bütövlükdə bütün dünyada yaşayan azərbaycanlıların milli-mənəvi maraqlarını ifadə edir. Uzun müddət milli ideologiyamızın konsepsiya şəklində formalaşmadığı dövrlərdə  tariximiz, milli-mənəvi dəyərlərimiz digər ideologiyaların təxribatına məruz qalmışdır.  Əsassız dəlillərlə ideoloji  fikrin böhranı yaşanmış, ideologiyamız sıxışdırılmışdır.

Xalqımızın daim arzuladığı, can atdığı müstəqilliyə nail olduqdan sonra həmin müstəqilliyi qoruyub saxlamaq, əbədiliyini dönməz etmək, möhkəmləndirmək, Azərbaycanı dünyanın müxtəlif ölkələrində məskunlaşmış 50 milyon azərbaycanlı üçün bir işığa çevirmək vacib bir vəzifə idi. Millətin vahid ideya ətrafında birləşməsi zərurəti də məhz bu vəzifədən yaranmışdır. Ümummilli lider Heydər Əliyev milli ideyanın yaranması, xalqa çatdırılması istiqamətində xalqımıza çox böyük, əhəmiyyətli bir elmi irs qoyub getdi. Hansı irs ki, onun üzərində bu gün müstəqil Azərbaycan dövləti sürətlə inkişaf edir.

Azərbaycançılıq konsepsiyası xalqımızın tarixi, milli-mənəvi birliyini əks etdirməklə yanaşı, mühüm funksional çalarlarla da zəngindir. Bu konsepsiya dövlətçilik strategiyasının təməlində dayanır, vəhdət təşkil edir. Azərbaycançılıq ideologiyası Azərbaycanın keçmişi, bu günü və gələcəyini özündə əks etdirən, müstəqil Azərbaycanın qüdrətini, bütövlüyünü qorumağa, gələcək nəsillərə ötürməyə  istiqamətlənən bir ideologiyadır. Azərbaycançılıq ideologiyası mükəmməl şəkildə hazırlanmış bir konsepsiya olmaqla yalnız Azərbaycanın real tarixini, milli xüsusiyyətlərini deyil, həmçinin dövlətimizin hüquqi, unitar, dünyəvi, demokratik prinsiplərini ehtiva etməklə Azərbaycanın sabitliyinin qorunmasına, inkişafına yönəlmişdir. Azərbaycançılığın digər bir xüsusiyyəti isə dövlətin strateji xətti kimi irəli sürülməsi, xarici və daxili təhdidlərə qarşı mübarizə kimi mühüm təsirə malik olmasıdır.

Belə nəticəyə gəlmək olar ki, milli ideologiyaya söykənməyən, vahid konsepsiyaya əsaslanmayan kortəbii fəaliyyət, hətta millətçilik, millətsevərlik hisslərindən doğsa da son nəticədə ancaq ziyan gətirə bilər. Azərbaycançılıq ideologiyası da məhz belə bir ziyana düçar olmamaq zərurətindən yaranmış, millətin tarixindən bəhrələnmiş, elmi dəlillərlə zənginləşərək vahid konsepsiya şəklində çıxış etmək iqtidarına malik olmuşdur. Bu gün şübhəsiz deyə bilərik azərbaycançılıq ideologiyası Azərbaycanın milli dövlətçilik strategiyasının innovativ əsaslardan biri kimi çıxış edir və real müstəqilliyimizin qorunub saxlanmasında aparıcı vasitədir.

2013-06-11 / 00:00
Facebook