Neft strategiyası: Uğurlu gələcəyin qarantı

Demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolu ilə inamla irəliləyən, Avroatlantik məkana inteqrasiya kursunu davam etdirən, qlobal enerji və kommunikasiya layihələrinin mərkəzinə çevrilən, ümumi daxili məhsulun artım dinamikasına görə dünyanın lider dövlətləri sırasında yer tutan müstəqil Azərbaycan bu gün bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyində aparıcı mövqeyə malikdir. Ümummilli lider Heydər Əliyev təbii sərvətlər və neft amilindən özünəməxsus siyasi həssaslıqla istifadə edərək onları dövlətçilik maraqlarının reallaşdırılmasının mühüm təsir vasitəsinə çevirməyə nail oldu. Məhz Ulu Öndər tərəfindən əsası qoyulmuş, məqsədyönlü strategiyanın uğurlu bəhrəsidir ki, bu gün Azərbaycan dünyanın böyük dövlətləri ilə rəqabətə girə biləcək gücdədir və bu inkişaf Azərbaycanın müasir modelini formalaşdırmışdır.

1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə neft strategiyamızın yeni mərhələsinə start verildi. Təsadüfi olmayaraq “Əsrin müqaviləsi” adlandırılan bu tarixi sənəd Azərbaycanın müasir inkişafının, iqtisadi uğurlarının təməlində dayanan uzaqgörən bir addım idi. Müasir Azərbaycan bu fikrin təsdiqinə ən təsirli nümunədir. Azərbaycan enerji siyasətindən məharətlə istifadə etməklə öz milli maraqlarından çıxış edərək xalqın rifahının yüksəldilməsinə nail olmuşdur.

Azərbaycanın neft-qaz sektorunun inkişafında Beynəlxalq Xəzər neft qaz sərgisinin çox böyük dəstəyi, əhəmiyyəti olmuşdur. Ümummilli lider Heydər Əliyev bu sərgini "dünya neft-qaz şirkətlərini ölkənin neft-qaz sahəsinin inkişafına cəlb etmək üçün münasib platforma" hesab edərək, Azərbaycanda neft-qaz sənayesi üzrə ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəkləmişdir və o vaxtdan etibarən, "Xəzər Neft və Qaz" sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı meydançaya çevrilib. İlk dəfə olaraq 1994-cü ildə təşkil olunan sərgi keçirilərkən Azərbaycan, Azərbaycanın zəngin, əvəzsiz təbii sərvətləri dünyada o qədər də tanınmamış, bu barədə mövcud rəy heç də birmənalı olmamışdır. Lakin illər keçdikcə ardıcıl şəkildə həyata keçirilən sərgi və hər il Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurların nümayişi böyük diqqətlə izlənilməyə başlanılmış, geniş maraq dairəsi toplamışdır. Artıq XX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimya sərgi və konfransının dünya mətbuatında, ictimaiyyətində oyatdığı maraq bir daha bunu sübut edir. Azərbaycan sərgi və konfrans vasitəsilə zəngin enerji resurslarına, tükənməz və əvəzolunmaz sərvətlərə malik olduğunu bir daha təsdiq etdi. Sərgi və konfrans vasitəsilə Azərbaycan yalnız neft deyil, həm də qaz ölkəsi kimi tanındığını da nümayiş etdirdi. Sərgi bütövlükdə Azərbaycanın müasir inkişafının əsasında dayanan uğurlu enerji siyasəti haqqında dolğun məlumat çatdırır. Həmçinin sərginin təşkili bir daha sübut edir ki, Azərbaycan enerji təhlükəsizlik sisteminin formalaşmasında əsas aktordur. Bu gün enerji təhlükəsizliyi ilə bağlı layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Hazırda Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir.  Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-qars dəmir yolu regionun və bütövlükdə dünyanın tərəqqisinə, sülh, əmin-amanlıq, sabitlik kimi təməl prinsiplərə xidmət edir.

Azərbaycan bu gün Avropa, bütövlükdə dünya enerji bazarında aparıcı qüvvədir. Azərbaycanın enerji bazarına daxil olması ilə yeni bir canlanma müşahidə olunmuş, neft-qaz infrastrukturunun şaxələndirilməsi istiqamətində əməli siyasət reallaşdırmışdır. Göründüyü kimi enerji siyasətimizlə bağlı bütün addımlar düşünülmüş qaydada atılır. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllində Avropa ilə bu istiqamətdə tərəfdaş kimi işləyir, fəaliyyət göstərir. Azərbaycan “Cənub qaz dəhlizi”nin əsas iştirakçısı, əsas təşəbbüskarıdır. Azərbaycanda qəbul edilən qərarlar gələcəkdə enerji təhlükəsizliyi ilə bağlı olan bütün yeni məsələlərə əsas istiqamət verir. Ulu Öndərin təməlini qoyduğu Azərbaycanın neft strategiyası bu günə qədər uğurla icra edilib və daha da zənginləşmiş, yeniləşmiş çalarlarla yenə də uğurla icra ediləcəkdir.
 

2013-06-11 / 00:00
Facebook