Azərbaycan gənclərinin fəaliyyəti nəticəsində Dağlıq Qarabağ münaqişəsinə - Xocalı Soyqırımına verilən beynəlxalq qiymət

Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olmuş, milyonlarla insanın taleyində əks olunmuşdur.

Ermənilərin təsiri ilə 1988-ci il yanvarın axırlarında Qafan rayonunda bircə nəfər də azərbaycanlı qalmamışdı. 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistanın başqa rayonlarında yaşayan azərbaycanlıların da aqibəti belə oldu. Beləliklə, 1988-1990-cı illərdə vektoru dəqiq bəlli olan – azərbaycanlılar Azərbaycana, ermənilər Ermənistana getməlidir - tələblə çox böyük insan kütlələrinin yerdəyişməsi başlanır.

1992-ci və 1993-cü illərin hərbi münaqişəsi dövründə Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etdi. Nəticədə bir milyondan artıq insan Ermənistan tərəfindən etnik təmizləməyə məruz qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla əlaqədar demişdir: “Sərhədləri bütün dünya tərəfindən tanınmış, - bizim ərazi bütövlüyümüz isə BMT tərəfindən tanınır... - suveren dövlətin ərazisinin işğal edilməsinə dünya ictimaiyyəti lazımınca diqqət yetirməmişdir... Bütün bunlar ən böyük ədalətsizlikdir və bu ədalətsizlik uzun illərdir davam edir”.

1993-cü il iyunun 15-də Heydər Əliyevin hakimiyyətə qayıtması Dağlıq Qarabağ münaqişəsində yeni bir səhifə açdı. 1993-cü ildə Heydər Əliyev yeni Azərbaycan dövlətçiliyinə yol açdı. Bu baxımdan Dağlıq Qarabağ problemi yalnız aşağıdakı prizmadan təhlil edilir: “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyildir və heç vaxt olmayacaqdır... Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcəkdir. Yəni Azərbaycanın ərazi bütövlüyü məsələsində... heç bir güzəşt olmayacaqdır”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sözləri Heydər Əliyevin həyata keçirdiyi dövlətçilik xəttinin varisliyini əks etdirir.

1994-cü il mayın 5-də Bişkekdə barışıq haqqında protokol imzalandı. Ermənistanın təcavüzü nəticəsində 1993-1994-cü illərdə yeddi rayon – Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Füzuli rayonları tutuldu. Bir milyona yaxın insan qaçqına və məcburi köçkünə çevrildi.

1988-ci ildən başlayan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri Xocalıda baş vermiş soyqırımı oldu. Bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri hesab edilə bilər.

Cinayətkar erməni hərbi birləşmələrinin, eləcə də Rusiyanın Qarabağdakı 360-cı alayının döyüşçülərinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid və 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar və qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri azyaşlı uşaq olmuşdur, şikəstlərin 76 nəfəri yetkinlik dövrünə çatmamış oğlan və qızlardır. 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 azyaşlı uşaq isə valideynlərindən birini itirmişdi. Şəhid olanların yalnız 335 nəfəri dəfn olunmuşdur. 200 nəfərin ayaqları soyuqdan qanqrena olmuş, 1000 nəfərdən artıq şəhər sakini müxtəlif dərəcəli bədən xəsarəti almışdır.

Xocalı soyqırımı haqqında həqiqətin dünyada təbliği, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən ən əhəmiyyətlisi "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyasıdır.

"Xocalıya ədalət" beynəlxalq kampaniyası 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmışdır.

Hər il Amsterdam, Brüssel, Vyana, Vilnüs, Mexiko, Paris, Moskva və Los Ancelesdə və daha bir çox xarici ölkə mərkəzlərində Azərbaycanlı gənclərin təşəbbüsü ilə tədbirlər keçirilir.

Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi-siyasi qiymət verilməsi üçün beynəlxalq imzatoplama aksiyası keçirilir.
“Xocalıya ədalət” kampaniyası çərçivəsində 2 il ərzində dünyanın 50-yə yaxın ölkəsində müxtəlif xarakterli tədbirlər və aksiyalar keçirilmişdir. Kampaniyanın fəaliyyətini əlaqələndirən İKGF-nin təşəbbüsü ilə bu il ərzində İKT üzv dövlətləri Parlament Birliyi və İKT Xarici İşlər Nazirlərinin Konfransı tərəfindən qəbul edilən qətnamələrdə Xocalı qırğını “insanlığa qarşı cinayət” kimi qiymətləndirilib. ABŞ-da tanınmış repçi Toni Bləkman və Azərbaycanın rep qrupu “Dəyirman” tərəfindən ifa edilmiş “Xocalıya ədalət” rep üslublu mahnının təqdimatı Xocalı faciəsi həqiqətlərinin dünyada yayılmasında xüsusi rol oynayıb. Hazırda kampaniya çərçivəsində Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi-siyasi qiymət verilməsi məqsədilə hazırlanmış petisiyaya beynəlxalq imzatoplama aksiyası keçirilir.

Gənclərimiz xalqımızın başına gələn bəlaları unutmamaq və unutdurmamaq üçün bir-birindən uğurlu layihələrə imza atırlar.

2013-06-11 / 00:00
Facebook