Azərbaycanın əvəzsiz milli sərvəti olan neftdən qazanılan gəlirlərin düzgün və səmərəli idarə edilməsi iqtisadi strategiyamızın, ümumilikdə isə perspektiv gələcəyə istiqamətlənmiş strateji xəttimizin təməlini təşkil edir. Neftdən istifadə yalnız bugünümüzün tələblərini nəzərə almaqla həyata keçirilməməli, gələcəyə proqnozlaşdırılmalıdır. Yəni neft yalnız bugünki nəsillərə deyil, gələcək nəsillərə də məxsusdur. Bu zəngin təbii sərvətdən son dərəcə səmərəli şəkildə,qənaətlə,hər bir ölkə vətəndaşının mənafeyi naminə istifadə olunması,iqtisadiyyatın yalnız neft amilindən asılılığının qarşısı alınması,əldə olunan vəsaitlərin elmi-intellektual resursların gücləndirilməsinə,insan kapitalının formalaşmasına xidmət etməsi dövlətin yürütdüyü siyasətin prioritetlərindəndir.
Tarixi təcrübə göstərir ki, təbii sərvətlərin zənginliyi bəzi hallarda xalqlara və dövlətlərə davamlı inkişaf deyil, çoxsaylı arzuolunmaz problemlər bəxş edir. İndinin özündə də neftlə zəngin bəzi ölkələrin gərginlik və qeyri-stabillik mühitində yaşaması, təbii sərvətləri üzərində sahiblik hüququnun itirilməsi ilə bağlı çoxsaylı misallar gətirmək mümkündür. Uzaqgörən, qəti prinsiplərə dayanmış strateji xəttimizin bəhrəsidir ki, bu gün Azərbaycan sabit siyasi-iqtisadi inkişaf yoluna qədəm qoymuş, eyni zamanda regional güc, yeni dünya nizamında əhəmiyyətli rol oynayan dövlətlərdən birinə çevrilmişdir.
İntellektual iqtisadiyyat yoluna qədəm qoymuş ölkəmizdə iqtisadi sahədə əldə etdiyi nailiyyətlərin əsas düsturu : neft+intellektə əsaslanır. Bu formul neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur. Neft tükənən,bərpa olunmayan təbii sərvətdir. Prezident İlham Əliyev bu əvəzsiz təbii sərvətin ixracından qazanılan böyük vəsaitlərin , ilk növbədə,insan faktorunun inkişafına yönəldilməsini,elmi-texniki tərəqqinin son nailliyətlərinin tətbiqi yolu ilə dayanıqlı milli inkişafın təmin edilməsini zəruri sayır. Dövlət başçısı haqlı olaraq bildirir ki, neft Azərbaycan üçün məqsəd deyil,davamlı iqtisadi tərəqqini təmin etmək üçün vasitədir.
Ötən dövrlərin statistik göstəricilərinin müqayisəli şəkildə təhlili belə qənaətə gəlməyimizə imkan verir ki,Azərbaycan iqtisadi sahədə misli görünməmiş irəliləyişə nail olmuşdur. Nailiyyətlərin əldə olunmasında intellektual iqtisadi strategiyanın rolu danlmazdır, hansı ki: qeyri-neft sektorunun inkişafının təmininə əsaslanan, iqtisadiyyatın neft amilindən asılılığına son qoymağa doğru istiqamətlənən yol. 2013-cü ilin yanvar-aprel aylarının statistik göstəriciləri irəli sürülən prinsiplərin yalnız nəzəriyyədə deyil, əməli fəaliyyətdə də reallaşdığının əsas sübutudur. Belə ki, sənayenin qeyri-neft bölməsində məhsul istehsalı 2,8 faiz artmış, neft sektorunda isə 1,5 faiz azalmışdır. Bu gün mübaliğəsiz şəkildə qeyd edə bilərik ki, Azərbaycanda iqtisadiyyatın hərtərəfli tərəqqisinə nail olma məqsədilə qeyri-neft sektorunun sürətli inkişafını təmin edən işlər görülür, bu sahədə investisiyaların cəlb edilməsinin stimullaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.