Heydər Əliyev və Azərbaycan gəncliyi

“Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə
arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik”

 Heydər Əliyev

Dünyanın istənilən ölkəsində gənclər sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyətdə islahatları hərəkətə gətirən zümrə hesab olunur, Gənclər cəmiyyətin dinamik zümrəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Ümummilli lider Heydər Əliyevin ən böyük xidmətlərindən biri də onun gələcəyimizə - Azərbaycan gəncliyinə verdiyi töhfələrdir. Ulu öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli  qüvvə kimi formalaşmasında Ulu Öndərin böyük səyi olmuşdur. Heydər Əliyevin fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı. 1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürmüş, 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir. Forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev şəxsən iştirak etmişdir. 1 fevral 1997-ci il tarixdə forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev “2 fevral – Azərbaycan gəncləri gününün elan edilməsi haqqında” Sərəncam imzalamışdır. Məhz Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Dünyada isə yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilib. Bu fakt da Heydər Əliyevin gənclər siyasətinin  unikallığının və uzaqgörənliyinin göstəricilərindəndir.

1999-cu ildə Heydər Əliyev tərəfindən imzalanan “Dövlət Gənclər Siyasəti haqqında” fərmanın qəbulu, 1996, 1999 və 2003-cü illərdə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan gənclərinin forumlarının keçirilməsi, bura xaricdə yaşayan həmvətənlərimizin də dəvət olunması, Ulu öndərin dərin məzmunlu nitqləri gəncliyini həyatında mühüm siyasi dönüş yaratdı O, dövlətin beynəlxalq arenada çəkisinin artmasında dərin elmi biliyə və müxtəlif ixtisaslara yiyələnmiş peşəkar kadrların vacib olduğunu daim diqqət mərkəzinə çatdırırdı. 1995-ci ildə yaranmış Gənclər Təşkilatlarının Milli Şurası 2000-ci ilin aprel ayında Avropa qitəsində ən nüfuzlu qeyri-hökumət təşkilatı olan Avropa Gənclər Forumuna tamhüquqlu, 2002-ci ilin yanvar ayında isə BMT-nin İqtisadi və Sosial Şurasına müşahidəçi  üzv seçildi. Ulu öndər Heydər Əliyev yeni nəslin dövlətçiliyimizin milli-mənəvi dəyərlərinə layiq tərbiyələnməsi və təhsil alması üçün elmi və mənəvi sferada islahatların həyata keçirilməsinə rəhbərlik edirdi. Keçid dövrünün çətinlikləri ilə mübarizə şəraitində məhz gəncliyin mənəvi yetkinlik qaynağı olan Azərbaycançılıq ideologiyası düşüncələrə hakim kəsildi. Gənclərin hərtərəfli inkişafını təmin etmək, onların problemlərinin həlli, hüquqlarının müdafiəsi sahəsində daha ciddi tədbirlər görmək, həyata keçiriləcək gənclər siyasətini tənzimləmək məqsədilə hazırlanmış “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu 2002-ci il 6 may tarixli Fərmanla qüvvəyə mindi.

Bütün bu faktlar bizə deməyə əsas verir ki, Heydər Əliyev yalnız dövlətçiliyimizin, müstəqilliyimizin qurucusu deyil, eyni zamanda gənclər siyasətinin yeni forma və çalarlarla zənginləşməsinin, gənclərin inkişafı və onların potensialından cəmiyyətin inkişafı üçün istifadə edilməsində özünü göstərən elmi, mənəvi əsaslara dayanan gənclər siyasətinin də qurucusudur.
 

2013-06-07 / 00:00
Facebook