Azərbaycan tarixində 1991-1993-cü illər xaotik durum, böhranlarla səciyyələnir. Hakimiyyət başında olanların səriştəsizliyi, hakimiyyət kürsüsünü xalqın mənafeyindən üstün tutan şəxslərin idarəçiliyi dövlətin inkişafı üçün düzgün müəyyənləşmiş siyasi xəttin həyata keçirilməsinə imkan vermirdi. 1991-ci il oktyabr ayının 18-də öz dövlət müstəqilliyini bəyan etməsinə baxmayaraq, Azərbaycanın ərazisinin parçalanma təhlükəsi yaranmışdır. Bir tərəfdən daxili separatçılıq meyilləri, digər tərəfdən isə belə bir fürsətdən məharətlə istifadə edən erməni sepataçıları fəallaşmağa başladılar. Gəncədə Sürət Hüseynovun qiyamı, qondarma Talış-Muğan Respublikasının elan olunması, Azərbaycan rayonlarının ard-arda erməni separatçıları tərəfindən işğalı rəhbərlikdə olanların müstəqilliyi qoruyub saxlamaq iqtidarında olmadığını göstərirdi. 1993-cü il iyun ayının 15-də xalqın təkidli tələbi ilə Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı. Lakin daxili qüvvəllər, o cümlədən xarici müşahidəçilər, siyasətçilər də Heydər Əliyevin bu dönüşünün bir nəticə verməyəcəyi qənaətində idilər. Daxili qüvvələrin inamsızlığı daha çox qısqanclıqla, hakimiyyət hərisliyi ilə izah olunurdusa, xarici siyasətçilər öz fikirlərini Azərbaycanın çox ağır vəziyyətdə olması ilə izah edirdilər. İyun ayının 24-də Prezident Ə. Elçibəyin öz vəzifəsindən getməsi ilə, Prezident səlahiyyətlərini Heydər Əliyev həyata keçirməyə başladı.
Oktyabrın 3-də prezident seçkiləri nəticəsində səs çoxluğu ilə öz rəqiblərini arxada qoyan Heydər Əliyev prezident seçildi. Hələ ulu öndər 1993-cü ildə prezident seçkiləri ərəfəsində öz proqramında bəyan etmişdi ki, “Azərbaycan demokratik inkişaf yolunu seçəcək, xalqımız sivil dünyanın yolu ilə gedəcək ”.
Azərbaycan dövlətçiliyinin müasir tarixinə öz adını əbədi həkk etmiş bu nadir tarixi şəxsiyyətin, fenomenal siyasi xadimin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, nəhayət müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir. Heydər Əliyevin siyasi və dövlət fəaliyyətinin ən böyük nəticəsi quruculuğuna bilavasitə rəhbərlik etdiyi və xalqımıza bəxş etdiyi mükəmməl milli dövlət, müstəqil Azərbaycan Respublikasıdır.
Heydər Əliyevin müstəqil dövlətçilik konsepsiyasının əsasını ölkə daxilində, regionda və beynəlxalq aləmdə cərəyan edən proseslərin mahiyyətinin, məqsədlərinin və arxasında dayanan qüvvəllərin öyrənilməsi, qiymətləndirilməsi və vəziyyətə uyğun fəaliyyət proqramının hazırlanması təşkil edirdi. Bütün bu amilləri nəzərə alan ümummilli lider Heydər Əliyev Azərbaycanın milli mənafelərini təmin edən başqa bir yol – milli inkişaf modeli seçdi. Bu modelin əsas qayəsi isə ondan ibarət idi ki, günün kəskin aktual problemlərinin nəzərə alınması, onların həlli ilə yanaşı, Azərbaycanın gələcəyini, gələcək nəsillərə qayğı məsələsi də ön plana çəkilməli idi.
Böyük uzaqgörənliklə hazırlanmış inkişafın Azərbaycan modeli xalqımızın milli mentalitetinə, onun zəngin tarixi ənənlərinə, respublikamızın zəngin neft ehtiyatlarına və digər təbii sərvətlərinə, onun əlverişli geosiyasi mövqeyinə, zəngin intellektual imkanlarına və kadr potensialına əsaslanırdı.
Demokratik dövlət quruculuğu yolunu hədəf götürən ulu öndərin hakimiyyəti illərində sosial-iqtisadi, mədəni inkişafa nail olundu. Ölkədaxili sabitlik yarandı. Bütövlükdə, Heydər Əliyev tərəfindən hazırlanan və həyata keçirilən demokratik dövlət quruculuğu prosesini dörd mərhələyə bölmək olar:
I mərhələ - 1993-1994-cü illər;
II mərhələ - 1994-1995-ci illər;
III mərhələ - 1995-1998-ci illər;
IV mərhələ - 1998-2003-cü illər.
Ümummilli liderimiz Azərbaycanın perspektiv inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək sivil Qərb dəyərlərinin cəmiyyətdə tam mənimsənilməsinə, demokratik dəyərlərin daha möhkəm intişar tapmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına hər zaman xüsusi diqqətlə yanaşmışdır.
Heydər Əliyevin dövlətçilik fəaliyyəti öz əhəmiyyəti etibarilə ölkəmizin hüdudlarından kənara çıxaraq müxtəlif səviyyəli tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Müasir Azərbaycan məhz Ulu Öndərin dövlətçilik konsepsiyasına əsaslanan prinsiplər üzərində fəaliyyət reallaşdırır və inkişaf edir. Ulu Öndərin siyasi uzaqgörənliyi nəticəsində demokratik dövlət quruculuğu prosesi uğurla davam etdirilir. Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafı naminə misilsiz fəaliyyəti ilə xalq qarşısında əvəzolunmaz xidmətlər göstərən, xalq üçün yaşayıb, xalq üçün yaradan bu dahi şəxsiyyətin liderliyi, rəhbərliyi, dövlət idarəçilik strategiyası daim diqqət mərkəzində olacaq, zəruri biliklərin aşılanmasında fundamental baza rolunu oynayacaqdır.