“İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onlarda uğurunəsas səbəbi neft-qaz
deyil, bilikdir, savaddır, müasirlikdir. Bizdə isə həm bu olmalıdır, həm də təbii ehtiyatlar da var.
Bu amillərin sintezi Azərbaycanıçox qabaqcıl, müasir ölkəyə çevirəcəkdir”.
Heydər Əliyev
Elmin inkişafı Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir. Çünki hər bir dövlətin sosial-iqtisadi qüdrəti, rolu, ictimai rifahı dünya elminə bəxş etdiyi, zəngin intellektual və çoxşaxəli potensiala malik elmi ilə birbaşa əlaqəlidir. Azərbaycanın dünya nizamında tutduğu yer, zəngin resurslara malik bir dövlət kimi tanınması, dinamik inkişaf yoluna qədəm qoyması, regionun liderinə çevrilməsi mükəmməl elmi-təşkilati strukturun formalşmasını zəruri edir. Müasir dövrdə ölkələrin inkişafı təkcə iqtisadi göstəricilərlə, təbii sərvətlərlə, əhalinin həyat səviyyəsi ilə deyil, elmin inkişaf səviyyəsi, elmi potensialın olması ilə şərtlənir. Bu prinsip isə ilk növbədə dövlətin elm strategiyasının necə təşkil olunmasından asılıdır.
Azərbaycan elmi zəngin tarixi irsə malikdir. Varislik ənənələrinə malik bu elm Fərman Salman, Lütfi Zadə, Məsud Əfəndiyev, Natiq Atakişiyev, Tofiq Məlikov, Sabir Hüseynzadə, Qaraxan Mirzəyev, Çingiz Hüseynov, Qərib Mürşüdov, Xoşbəxt Yusifzadə və onlarla dünyaca məşhur, dünya elmi potensialının inkişafına töhfələr vermiş alimlər yetişdirmişdir.
Azərbaycan dövləti elmin inkişafına hər cür yardım göstərir. Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun yaranması, 2009-2015-ci illərdə Azərbaycan Respublikasında elmin inkişafı üzrə milli strategiyanın qəbulu dövlət qiymətinin göstəriciləridir.
Azərbaycanın milli maraqlarının təmin edilməsi elmin inkişafını tələb edir. Elmin inkişafı dövlətin sabit, uğurlu inkişaf yolunda istiqamətləməsi ilə daha sərfəlidir. Azərbaycan dövlətinin elmin inkişafı strategiyası prinsiplərini aşağıdakı kimi vurğulamaq olar:
- Elmin dünya elminə inteqrasiyası;
- beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi;
- yüksək səviyyəli elmi kadrların hazırlanması;
- elmi tədqiqat müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğun qurulması;
- elmi strukturun dövlət strategiyasının bütün sahələrində inkişafı;
- elmi-intellektual resursların inkişafı;
- elmi infrastrukturun müasirləşməsi;
- intellektual iqtisadiyyata keçidin reallaşması və s.
Azərbaycan dövlətinin elm siyasəti iqtisadiyyatın neft sektorundan asılılığına son qoyulması, əldə olunan vəsaitlərin elmi-intellektual bazanın gücləndirilməsinə,insan kapitalının formalaşmasına xidmət edir. Prezident İlham Əliyev əvəzsiz təbii sərvətimiz olan neftin ixracından qazanılan böyük vəsaitlərin,ilk növbədə,insan faktorunun inkişafına yönəldilməsini,elmi-texniki tərəqqinin son nailliyətlərinin tətbiqi yolu ilə dayanıqlı milli inkişafın təmin edilməsini zəruri sayır. Azərbaycan elmi son dövrlər dinamik inkişaf yolunu seçmiş və bu yolda uğurla irəliləyir. Alimlərimiz yalnız ölkə daxilində deyil, xaricdə də Azərbaycan elmini layiqincə təmsil edir, elmi nailiyyətlərimizi isbat edirlər. Azərbaycan alimlərinin elmi nəşrlərinin dünyanın məşhur jurnallarında dərci artmaqdadır. Portuqaliyanın paytaxtı Lissabbon şəhərində keçirilən elmi konfrasda Azərbaycanın 6 alimlə təmsil olunmasını elm strategiyamızın dünyada doğru qəbulu kimi dəyərləndirmək olar. Çünki bəzi qabaqcıl dövlətlər belə konfransda bu sayda təmsil olunmayıb.
Azərbaycan elminin inkişafında AMEA da mühüm rol oynamaqdadır. Dövlətin elm strategiyasının bütün əsaslarını özündə əks etdirən AMEA-nın yeni rəhbərinin yenə bir dünya şöhrətli alimimizin təyin olunması Azərbaycan elminin gələcəkdə də parlaq inkişafından xəbər verir.
Xüsusilə qarşıya qoyulmuş məqsəd, struktur dəyişikliklərinin həyata keçirilməsinə hazırlıq, prioritetlərin dəqiqləşdirilməsi, tədbirlər planının müəyyənləşməsi AMEA-nın Azərbaycan elminə töhfələrini davam etdirəcəyini göstərir.
Sonda elmin uğurlu inkişafının təmininə səbəb olan amilləri qeyd etmək istərdim:
- elm strategiyasının prioritetlərinin vəziyyətə uyğun səpkidə qəbulu;
- irəli sürülən prioritetlərin reallaşması;
- ölkənin mövcud elmi potensialının maksimum şəkildə “səfərbər olunması”;
- elmin inkişafının dövlət siyasətinə uyğun həyata keçirilməsi;
- hər bir sektorun fəaliyyətinə elmi infrastrukturun cəlb olunması.
Azərbaycan elmi bu amillərə söykənərək dinamik elmi tərəqqi dövrünü yaşayır. Müasir dövr hər sahədə olduğu kimi elmdə də islahatları, yenilikləri tələb edir. Azərbaycan dövləti isə həm yeni dövrün tələblərinə uyğun, həm də milli mənəvi dəyərlərimizin, dövlətçilik tariximizin tələblərinə uyğun elm siyasəti nümayiş etdirir. Milli Məclisdə qəbulu gözlənilən “Elm siyasəti haqqında” qanunda da elm siyasətimizin prioritetləri, fəaliyyət istiqamətləri öz əksini tapmışdır.