2013-cü il aprel Azərbaycan. Ölkəmiz sürətlə inkişaf edir, dünya miqyasında nüfuz qazanan dövlətlərdən birinə çevrilməkdədir. İstər iqtisadi istərsə də siyasi stabillik nəticəsində ölkımizdə misli görülməmiş layihələr keçirilir, dünya ölkələrinin Azərbaycana olan inamı artır. Dünya İqtisadi Forumunun ən vacib regional tədbirlərindən birinin Azərbaycanda keçirilməsi buna bariz misaldır. Dövlətimizin öz vətəndaşına qayğısı nəticəsində yeni-yeni iş yerləri açılır, insanlar müasir dünyanın yeni çağırışlarına hazırdırlar. Kadr siyasətinin inkişaf etdirilib daha da təkmilləşdirilməsi səbəbindən azərbaycanlı tələbələrin xaricdə təhsil alması dövlət tərəfindən tam dəstəklənir. Azərbaycanın maraqları dünya miqyasında qorunur bundan ötrü xaricdə təhsil alan tələbələr də əllərindən gələni əsirgəmirlər. Azərbaycan qonşu dövlətlərlə mehriban qonşuluq siyasətini həyata keçirməkdədir. Avropaya inteqrasiya yonündə addımlar atılır, beynəlxalq layihələrdə Azərbaycanın da iştirakı Avropa dövlətləri tərəfindən dəstəklənir. Şərq və MDB dövlətləri ilə siyasətdə də böyük nəaliyyətlər əldə olunmuşdur, qarşılıqlı layihələr həyata keçirilir və Azərbaycanla qarşılıqlı münasibətlərin qurulmasına bu dövlətlər böyük maraq göstərirlər. Hər bir Azərbaycan vətəndaşı müstəqillik əldə olunduqdan sonra ölkədə baş verən dəyişikliklərdən razıdır. Yeni imkanlar Azərbaycan insanının beyin potensialının güclənməsinə və hətta Avropa insanlarıla rəqabət qabiliyyətinə qədər yüksəlməsinə gətirib çıxarmışdır. Millətinin və Dövlətinin mənafeyini hər zaman üstün tutan şərəfli Azərbaycan gəncliyinin yetişməsi dövlətimizin gələcəyinə nikbin baxmağa tam əsas verir.
2013-cü il aprel Ermənistan. Ölkə Rusiyadan tam asılı vəziyyətdədir. İqtisadi, siyasi və demoqrafik böhran pik həddinə çatmışdır. Ermənistanın geostrateji cəhətdən əhəmiyyətli mövqeyinə baxmayaraq ölkədə siyasi rejimin yeritdiyi sərt və yalnış siyasət səbəbindən hazırda blokada vəziyyətində qalmışdır. Rusiya və İranın Ermənisanı öz istəklərinə uyğun siyasətlərinə uyğunlaşdırmaları bu dövlətin marionet dövlətə çevrilməsinə səbəb olmuşdur. Ermənistan dövlətinin Azərbaycana qarşı yeritdiyi işğalçılıq həmçinin Türkiyəyə qarşı yeritdiyi qondarma soyqırım siyasəti Ermənistanı bir dövlət olaraq uçuruma gətirib çıxarmışdır. Təsadüfi deyil ki, xalq artıq bu siyasətdən bezərək yenilik istəyir. Regionda Azərbaycan və Türkiyənin inkişaf etdiyini Ermənistanın isə kriminal klanın idarəçiliyinə, erməni xalqınınsa bu klanın quluna çevrildiyini görərək hakimiyyətin dəyişilməsini istəyirlər. Təsadüfi deyildir ki, Ermənistanda inaqurasiya mərasimində 2 nəfər and içmişdir. Müxalif liderinin azadlıq meydanında and içməsi xalqın Ermənistan hakimiyyətinə və onun səriştəsiz siyasətinə olan etirazının bariz nümunəsidir. Səriştəsiz siyasətin nəticəsidir ki, hazırda Ermənistandan erməni xalqının qaçması kütləvi hal almışdır. Ermənistan və onun havadarlarının Sovet imperiyası dağıldıqdan sonra Azərbaycana qarşı işğalçılıq siyasətinin yeridilməsində teoretik cəhətdən prespektivə hesablanmış gözəl planlar dururdu. Lakin Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin istər regionda istərsə də dünya miqyasında həyata keçirdikləri siyasət nəticəsində Ermənistan və onun havadarlarının planları alt-üst oldu. Ermənistan regionda bütün layihələrdən təcrid vəziyyətə düşdü. Ermənistan hakimiyyətinin tarix boyu arzu etdikləri dənizdən dənizə "Böyük Ermənistan" ideyasının üstündən xətt çəkildi. Ermənistanın aqressiv siyasətini dayandıracağı halda qazana biləcəyi uğurlar və nail ola biləcəyi inkişaf bugünkü gün üçün marionet hakimiyyəti maraqlandırmır. Ölkənin tam böhran içərisində olması, erməni xalqının qula çevrilməsi və sivil hakimiyyətin deyil, kriminal klanın hakimiyyəti hazırda ermənistanda qarşıya qoyulan əsas məqsədlərdəndir. Azərbaycan Respublikası sivil dövlət olaraq öz xalqını muharibəyə atmaq istəmir və "Dağlıq Qarabağ" problemini danışıqlar yolu ilə həll etməyi qarşıya əsas məqsəd kimi qoymuşdur. Lakin Ali Baş Komandanın da dediyi kimi, Azərbaycan ordusu hər zaman Azərbaycan torpaqlarını düşmən əsarətindən azad etməyə hazırdır!