“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”
Heydər Əliyev
Dünyanın bir çox qlobal və regional biznes liderlərinin, hökumət rəhbərləri və vətəndaş cəmiyyətinin nümayəndələrinin aprelin 7-8-də Bakıda keçirilən Dünya İqtisadi Forumunun ən vacib regional tədbirlərindən birində iştirak etməsi dövlətin həm iqtisadi, həm də siyasi baxımdan yüksək nüfuz sahibi olması, həmçinin mühüm geostrateji əhəmiyyətli mövqeyə malik bir dövlət kimi təsdiqi ilə bağlıdır. “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda keçirilən forum bir çox nüfuzlu kütləvi-informasiya vasitələrinin diqqət mərkəzində olmuşdur.
Forumun Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi Azərbaycan və Davos Dünya İqtisadi Forumu arasında əməkdaşlığın yeni inkişaf mərhələsinə keçməsinin göstəricisi idi. Qeyd etmək lazımdır ki, bütün xəbər və reportajlarda bu mötəbər Forumun Azərbaycan paytaxtında keçirilməsi ölkəmizin regionun və dünyanın nüfuzlu dövlətinə çevrilməsinin göstəricisi kimi vurğulanmışdır. Forumun Azərbaycan üçün töhfələrini aşağıdakı kimi qeyd etmək olar:
-Forumun məhz Bakıda keçirilməsi Azərbaycanın qlobal biznes ölkəsi kimi tanınmasında mühüm rol oynayan amillərdən oldu;
-Forum Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın genişlənməsinin nəticəsi, eyni zamanda bu prosesə təsir edən mühüm amil idi;
-Forumun Cənubi Qafqaz regionunda keçirilməsi Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda əməkdaşlıq və inteqrasiyanın inkişafına təkan vermək məqsədi daşıyırdı;
-Forumun Bakıda keçirilməsi Azərbaycanın dəfələrlə iştirak etdiyi Forumda regionun problemlərini və dövlətin imkanlarını, mövqeyini inandırıcı şəkildə isbat etməsinin nəticəsi idi;
-"Azərbaycanın baxışı:yeni iqtisadiyyat yolunda" adlı ayrıca sessiyada Respublikamızın iqtisadi inişafından, iqtisadi göstəricilərdən bəhs olunması dövlətin iqtisadi potensialının və iqtisadi strategiyasının daha yaxından tanınmasına səbəb oldu.
Bu gün Azərbaycan dinamik inkişaf edən iqtisadi sistemə malikdir. Əsas məqsəd dövlətin yalnız təbii resurslara malik bir dövlət kimi tanınması deyil, həmçinin iqtisadi gücə malik, hər cür böhrana qarşı mübarizə sərgiləyə bilən, çevik iqtisadi islahatları reallaşdıran dövlətə çevrilməsinin sübutudur. Dünya İqtisadi Forumu Azərbaycana belə bir imkan verdi. Prezidentimizin də vurğuladığı kimi “bu gün Azərbaycanın qarşısında duran əsas məsələ iqtisadiyyatın şaxələnməsidir”. Artıq iqtisadiyyatın neftdən asılılığına son qoyulması, qeyri-neft sektorunun inkişafı, insan resurslarının stimullaşdırılması kimi vəzifələr həyata keçirilir. Təqdirə layiq haldır ki, Azərbaycan Dünya İqtisadi Forumunun reytinq cədvəlində 144 ölkə içərisindən 46-cı yerdə qərarlaşıb. Bu isə onun göstərir ki, Azərbaycan iqtisadiyyatını səmərəli şəkildə inkişaf etdirir, yeni intellektual dünya iqtisadiyyatına qoşulur. Ölkədə sahibkarlığın inkişafı, enerji sektorundan asılılığın ləğvinə yönələn islahatların həyata keçirilməsi, qeyri-neft sektorunun inkişafının təminini nəzərdə tutan tədbirlər planının reallaşması, insan resurslarının stimullaşdırılması, təbii resurslardan məqsədyönlü şəkildə istifadə olunması yeni intellektual dünya iqtisadiyyatına cəlbolunmanın təsdiqidir. Azərbaycan Respublikası son illər yüksək iqtisadi göstəriciləri ilə nəinki Avropanın, həmçinin bütün dünyanın etibarlı tərəfdaşına, iqtisadi güclərindən birinə çevrilmişdir. Belə bir mötəbər forumun yüksək səviyyədə təşkili isə bu imici bir daha doğrultdu.