Gənclər cəmiyyətin ən dinamik zümrəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Gənclərin siyasi fəallığının artırılması onların inkişafı və potensialından cəmiyyətin tərəqqisi üçün istifadə edilməsində özünü göstərir.
Gənclərin ictimai fəaliyyətinin ilk addımları məhz gənclər təşkilatından başlayır. Dövlətin mərkəzində və yerlərdə gənclərin ictimai-siyasi fəaliyyətinin əsas göstəricisi olan gənclər təşkilatının fəaliyyəti bir sıra amillərdən asılıdır : Həmin yerin sosial-iqtisadi göstəriciləri, iqtisadi obyektlərin profili və həcmi, gənclərin təhsil səviyyəsi, yerlərdə ali və orta ixtisas məktəblərinin mövcudluğu, gənclərin şəbəkələşmə vəziyyəti və onların koordinasiya edilməsi, gənclər üçün sosial mərkəzlər və onların idarəedilməsi, gənclər siyasəti ilə məşğul olan kadrların bilik və bacarıqları, regiondakı urbanizasiya vəziyyəti və s. gənclərin təşkilatlanmasına təsir göstərə bilən parametrlərdəndir.
Respublikamızda ictimai-siyasi həyatda gənclərin fəal iştirakının təmin edilməsi, gənclər təşkilatının fəaliyyətlərinin daha da gücləndirilməsi, seçkili və dövlət idarəetmə orqanlarında gənclərin daha da geniş kütləsinin təmsil olunması, regionlarda yaşayan gənclərin təşkilatlanması, gənc liderlərin və gənclərin siyasi düşüncə tərzinin formalaşması, gənclər sahəsində qeyri-formal təhsil metodlarının tətbiq edilməsi məqsədilə bir sıra işlər görülmüş və bu günümüzdə də görülməkdədir. Son illərdə Azərbaycanda gənclər təşkilatının sayı daha çox artmağa başlayıb. Qeyd etmək lazımdır ki, hal hazırda ölkədə 180-ə yaxın gənclər təşkilatı fəaliyyət göstərir ki, bunlardan 100-ə yaxın təşkilat son 5 ildə qurulmuşdur. Bununla bərabər bu təşkilatlar inkişaf tempi baxımından heç də hamısı eyni səviyyədə inkişaf edə bilmir.
Araşdırmalar göstərir ki, gənclərin maliyyə axtarışları imkanlarının, üzvlərin bacarıq səviyyəsinin, şəbəkələşmə imkanlarının və informasiya çıxışlarının müxtəlif səviyyədə olmasına görə gənclər təşkilatının maliyyə və təşkilati davamlılığı müxtəlif səviyyədədir.
Son 3 il ərzində gənclər təşkilatlarının fəaliyyəti cəmiyyətin diqqətini daha da çox cəlb etmişdir. Belə ki, təşkilatların fəaliyyətlərinin canlandırılması və stimullaşdırılması məqsədilə keçirilən sərgilər, eyni zamanda təşkilatların həyata keçirdikləri layihələr cəmiyyətin inkişafına müsbət təsir göstərmişdir. Bu dövr ərzində bəzi gənclər təşkilatları daha da peşəkarlaşmış, yeni təşkilatların yaranması prosesi davam etmiş və dövlət sifarişlərini yüksək səviyyədə yerinə yetirə biləcək təşkilatlar formalaşmışdır.
Hazırda 12-ə yaxın qeyri hökümət gənclər təşkilatı yaradılmışdır ki, bunlardan 9 təşkilat 2005-2010-cu illərdə yaradılmışdır. Qeyri-hökümət gənclər təşkilatı öz inkişaflarına görə tələbə-gənclər təşkilatı və klubların inkişafından xeyli üstündür.
Cənab Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk vaxtlardan Ulu Öndər Heydər Əliyev dəsti-xəttinə sadiqiyini nümayiş etdirərək ictimai-siyasi arenada gəncliyin fəaliyyətinin zəruruiliyini vurğulamışdır. O, Azərbaycanın, gəncliyimizin ən ağrılı yeri olan torpaqlarımızın işğalı faktının, bu faktı törədən Ermənistanın təcavüzkar dövlət kimi tanınmasında gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü dəfələrlə xatırlatmış , həmçinin Azərbaycanın beynəlxalq arenada nüfuzunun artırılması, Azərbaycan haqqında obyektiv rəyin formalaşmasında gənclərin fəaliyyətinə xüsusi inamla yanaşmışdır. Gənclərin siyasi fəallığının artırılmasının dəstəkçisi olan Prezident bu sahədə əməli fəaliyyət göstərməklə liderlik bacarıq və keyfiyyətlərini bariz şəkildə nümayiş etdirmiş, gəncliyin etimadını doğrultmuş və gənclər arasında ciddi nüfuz sahibinə çevrilmişdi. Cənab Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin gənclərə qayğı siyasətinin bu gün də davam etdiyini praktik, həmçinin nəzəri olaraq sübut etdi.
Sonda qeyd etmək istərdim ki, gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki gələcəkdə ölkənin inkişafı, müqəddəratı indiki gənclərdən asılı olacaqdır. Nəsillər dəyişir, ölkələr inkişaf edir. Ancaq ənənələr, milli dəyərlər yaşayır və ölkənin hərtərəfli, uğurlu inkişafı üçün Azərbaycan xalqının rifah halının yüksəldilməsi üçün hər bir vətəndaş, hər bir gənc öz əməyini əsirgəməməlidir. Dövlətin dəstəyi və qayğısı nəticəsində gənc nəsil məqsədyönlü fəaliyyətləri ilə inamı doğrultmalı, respublikamızın qarşısında duran problemləri həll etmək iqtidarında olduğunu sübut etməlidir.