XXI əsrin əvvəllərindən etibarən beynəlxalq arenada yeni güc mərkəzlərinin formalaşması, dövlətlərarası əlaqələrin fərqli aspektdə inkişafı yeni dünya nizamının yaranmasına, dünyəvi əhəmiyyətli problemlərin meydana çıxmasına səbəb oldu. Əlverişli geostrateji coğrafi mövqeyə malik Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycan Respublikasının yeni dünya nizamında tutacağı yer və oynayacağı rol çevik və məqsədyönlü strategiyanın nəticəsi ola bilərdi. Bu strategiya isə uğurla həyata keçirildi, Azərbaycanın nəinki Cənubi Qafqazın lider dövlətinə, eyni zamanda yeni dünya nizamının formalaşmasında yaxından iştirak edən bir dövlətə çevrilməsinə gətirib çıxardı. Bu gün Azərbaycan Respublikası regional güc kimi tanınır. İqtisadi-siyasi, mədəni, sosial sahədə Azərbaycanın əldə etdiyi uğurlar göz qabağındadır. Müstəqillik tariximizdə 1993-cü ildən start verilən milli inkişaf strategiyamız bu gün də uğurla davam etdirilir, yeni prinsiplərlə daha da təkmilləşir. Çünki Azərbaycan indi 1993-cü ildəki Azərbaycan deyil. Azərbaycan artıq böyük bir uğur yolu keçmiş, nailiyyətlər əldə etmiş, dünya birliyinin proqressiv üzvünə çevrilmişdir. Bu inkişaf bizə Ulu Öndərdən miras qalmışdır. 2003-cü ildən etibarən yürüdülən strategiya da məhz bu zəminə dayanır. Son 10 ildə dövlətimiz regionun liderinə, dövlətlərin arzuolunan əməkdaşına, strateji tərəfdaşa çevrilmişdir.
2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni iqtisadi siyasət strategiyası həyata keçirilməyə başladı. Təsadüfi deyil ki, dövlət başçısının prezidentlik fəaliyyətində verdiyi ilk fərmanlar da məhz sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri və regionların sosial-iqtisadi inkişafı haqqında olmuşdur. Bu siyasətin reallaşdırılması nəticəsində demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolu ilə inamla irəliləyən, Avroatlantik məkana inteqrasiya kursunu davam etdirən, qlobal enerji və kommunikasiya layihələrinin mərkəzinə çevrilən, ümumi daxili məhsulun artım dinamikasına görə dünyanın lider dövlətləri sırasında yer tutan müstəqil Azərbaycan bu gün bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyində aparıcı mövqeyə malikdir. Memarı Ulu Öndər olan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri layihəsi 2006-cı ildə reallaşdı. Tarixi təcrübə göstərir ki, təbii sərvətlərin zənginliyi bəzi hallarda xalqlara və dövlətlərə davamlı inkişaf deyil, çoxsaylı arzuolunmaz problemlər bəxş edir. İndinin özündə də neftlə zəngin bəzi ölkələrin gərginlik və qeyri-stabillik mühitində yaşaması, təbii sərvətləri üzərində sahiblik hüququnun itirilməsi ilə bağlı çoxsaylı misallar gətirmək mümkündür.Məhz Heydər Əliyevin neft strategiyasının uğurlu bəhrəsidir ki, bu gün Azərbaycan dünyanın böyük dövlətləri ilə rəqabətə girə biləcək gücdədir və bu inkişaf Azərbaycanın müasir modelini formalaşdırmışdır. Hansı model ki, Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir və Azərbaycanın daha parlaq gələcəyinin qarant altına alır. Bu gün Azərbaycan artıq 2 ilə yaxın bir müddətdir ki, BMT TŞ-nın 10 qeyri-daimi üzvündən biri kimi fəaliyyət göstərir. Bu bizim siyasi qələbəmizdirİqtisadi uğurlarımız da davam edir. Davos İqtisadi Forumu şəksiz göstərilən bir sübutdur. Ölkəmiz qeyri-neft sektorunun inkişafında nailiyyətlər əldə etmiş, neft sektorundan asılılığın minimilizasiyasını real etmişdir. İntellektual iqtisadiyyat yolunu hədəf götürən dövlətimiz iqtisadi strategiyanın qələbəsini mümkün etmişdir. Mədəni, sosial sahədə uğurlarımız öz yolundadır. “Eurovision-2012” nin Bakıda keçirilməsi həm mədəni qələbəmiz, həm də dövlətimizin mümkün qədər tanınmasının nəticəsi oldu. 2015-ci ildə ilk dəfə təşkil olunacaq Avropa Olimpiya oyunlarına Bakının ev sahibliyi etməsinin qəbul olunması sosial qələbələrimiz sırasındadır. “Times” jurnalı İlham Əliyevi 2012-ci ildə nüfuzlu olan 100 şəxs siyahısına daxil edib. Prezident İlham Əliyev Ulu Öndər xəttinə sadiqliyi nümayiş etdirməklə, nəinki ölkə daxilində, eyni zamanda dünyada nüfuzlu lider, dövlət başçısı kimi tanınmışdır. “İlin adamı” statusunu da məhz dövlətçiliyimizə verdiyi töhfələrə, Azərbaycanın inkişafına, xarici əlaqələri genişləndirməsinə, ədalətli mövqeyinə görə qazanmışdır.
Bütün bunlar Ulu Öndərsiz 10 illik fəaliyyətin hədər getmədiyinin göstəricisidir. Bu uğurları sonsuz şəkildə sadalamaq olar. Əsas olan bu gün Azərbaycanın Heydər Əliyevin milli inkişaf strategiyası üzərində nailiyyətlərə yol açması, gələcək fəaliyyətin prioritetlərini müəyyənləşdirməsidir. Dünya birliyinə lazım olan tərəfdaş, müstəqilliyi möhkəmlədən, xarici əlaqələri genişləndirən, siyasi,iqtisadi müstəqilliyini təmin edən dövlətdir. Azərbaycan bu adı doğrultmuşdur. Təməl isə Heydər Əliyevin uzaqgörənliyi, çevik, uğurlu siyasətidir. Ulu Öndərin gözləntiləri təsdiqini tapmış Azərbaycan XXI əsrin uğurlu dövlətlərindən birinə çevrilmişdir.