Azərbaycanın yerləşdiyi Qafqaz regionu geostrateji mövqe baxımından yeni dünya nizamında mühüm əhəmiyyət kəsb edir. Bu hal yeni nizam içərisində böyük güclər arasında tarazlığı formalaşdırmaq baxımından, həm də neft ehtiyatlarına sahib olması səbəbiylə iqtisadi baxımdan yanaşdıqda açıqca görülür. Bu şərtlər daxilində düzgün bir xarici siyasətin həyata keçirilməsi Azərbaycanın nüfuzu baxımından çox önəmlidir.
Artıq Avropanın bir hissəsinə çevrilmiş Azərbaycan qitəyə müəyyən töhfələr vermək niyyətindədir. Azərbaycan qlobal arenanın mühüm əhəmiyyətli üzvü, regional güc kimi xarakterizə olunan dövlətdir. Belə imicin yaranması isə məqsədyönlü tərəfdaşlığın, strateji əməkdaşlığın sayəsində mümkündür. Dövlətin son illərdə beynəlxalq gücə çevrilmək istiqamətində atdığı addımlar öz bəhrəsini göstərməkdədir. Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun “New Europe” nəşrinə verdiyi müsahibəsi də Azərbaycan Respublikasının dünyada artan rolunun, bu səpkidə həyata keçirilən tədbirlər planının əhəmiyyətini bir daha göstərdi. Azərbaycan Avropanın arzuolunan məsləkdaşına çevrilmişdir. Əvvəllər Avropadan sərmayələrin yatırılmasında maraqlı olan Azərbaycan indi Avropa iqtisadiyyatına sərmayələr yatırır.
Qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər göz qabağındadır. Çünki neft tükənən sərvətdir. Biz öz inkişaf xəttimizi elə planlaşdırmalıyıq ki, guya Azərbaycanda neft yoxdur. Neft dövlətin həm bügünkü inkişafının təminində aparıcı olmalı, eyni zamanda gələcək nəsillərə də ötürülməlidir. Bu zəngin təbii sərvətdən son dərəcə səmərəli şəkildə,hər bir vətəndaşın mənafeyi naminə istifadə olunması,iqtisadiyyatın neft amilindən asılılığının qarşısının alınması,əldə olunan vəsaitlərin elmi-intellektual resursların gücləndirilməsinə,insan kapitalının formalaşmasına istiqamətlənmiş fəaliyyət həyata keçirilir. Bu baxımdan son illər Azərbaycanda qeyri-neft sektorunun inkişafına, alternativ enerji mənbələrdən istifadənin stimullaşdırılmasına, İKT-nin geniş şəkildə tətbiqinə dövlət qayğısı gələcəyə istiqamətlənmiş konsepsiyamızın bir hissəsidir. Təqdirə layiq haldır ki, Azərbaycanın adı süni peykə malik azsaylı dövlətlər içərisində sadalanır. Bu isə Azərbaycana əlavə imkanlar, həmçinin müəyyən öhdəliklər verir.
Azərbaycan iqtisadi sahədə keçid dövrünü artıq başa vurmuş, iqtisadi böhranlara qarşı mübarizə sərgiləyə bilən dövlətə çevrilmişdir. Bir neçə ildir davam edən dünya iqtisadi böhranı Azərbaycanın iqtisadi həyatına təsirsiz ötüşdü. Bu möhkəm əsaslara dayanan iqtisadi strateji inkişaf xəttinin nəticəsi idi. Bu illər nəinki iqtisadiyyatımıza itkisiz başa gəldi, həmçinin əhalinin sosial müdafiə ehtiyatlarının artırılması, işsizlik səviyyəsinin aşağı düşməsi, yoxsulluğun 6 %-ə enməsi, yeni obyektlərin, iş yerlərinin açılışı ilə yadda qaldı. 2012-ci ilin hesabatlarına əsasən ölkədə orta aylıq əmək haqqı 9% artıb. Cənubi Qafqaz iqtisadiyyatının 75% - ni təşkil edən Azərbaycan iqtisadiyyatının 2020-ci ilə istiqamətlənən konsepsiyasında qarşıya qoyulan əsas məqsəd yüksək rəqabət gücünə malik iqtisadiyyatın formalaşmasıdır. Elmi infrastrukturun təkmilləşdirilməsi, elmin maddi-texniki bazasının müasirləşdirilməsi, bu sahədə informasiya təminatı sistemlərinin elektron formada tətbiqi gələcəyə istiqamətlənmiş inkişaf konsepsiyamızın prinsiplərindəndir.
Azərbaycan Avropanın əhəmiyyətli strukturlarında etibarlı imici ilə “Avropa ailəsi” nin üzvü kimi təsdiqlənməsini sürətləndirmişdir. Dövlətimizin dinamik inkişafı, dünyada artan nüfuzu daim diqqət mərkəzindədir. Azərbaycan Respublikası ötən illər ərzində siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirməklə dövlətçiliyin inkişafını təmin etmiş, demokratik dəyərlərə, liberal prinsiplərə əsaslanan iqtisadi modelini yaratmışdır.