Azərbaycanın xarici ölkələrdəki səfirlik və konsulluqlarında ticarət nümayəndələri təyin ediləcək

Prezident İlham Əliyev Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında Fərman imzalayıb.

Fərman xarici ölkələrdə Azərbaycanın və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi, yerli məhsulların xarici ölkələrin bazarlarına çıxışının genişləndirilməsi, ixracın stimullaşdırılması ilə bağlı tədbirlərin tətbiqində səmərəliliyin və təsərrüfat subyektləri arasında işgüzar əlaqələrin qurulmasında çevikliyin artırılması məqsədilə imzalanıb.

Sərəncama əsasən, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrini iqtisadiyyat naziri Prezidentlə razılaşdırmaqla təyin edəcək.

Ticarət nümayəndəsi təyin olunduğu ölkə ilə Azərbaycanın iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və iqtisadi maraqlarının qorunması, Azərbaycan mallarının və xidmətlərinin ixracının artırılması, ölkəmizin biznes mühitinin və investisiya imkanlarının təbliği istiqamətində tədbirlər görəcək. Ticarət nümayəndəsi ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyır və Azərbaycan Respublikasının iqtisadiyyat nazirinə tabedir. Konsulluğa təyin olunan ticarət nümayəndəsi Azərbaycan Respublikasının həmin ölkədəki səfirliyinə təyin olunmuş ticarət nümayəndəsinin ümumi rəhbərliyi altında fəaliyyət göstərəcək.

 

2017-01-27 / 00:00
Facebook