Azərbaycan ABŞ-ın “Huffington Post” nəşrinin versiyasına görə, 2017-ci ildə turistlər üçün cəlbedici məkanların reytinqinə daxil olub.
Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, nəşr Xəzər dənizinin sahilində, İran və Rusiya arasında yerləşdiyini qeyd etdiyi Azərbaycanı “əl dəyilməyən yer” adlandırıb.
"Huffington Post" Azərbaycana səfərə paytaxt Bakıya, qədim memarlığın nadir nümunəsi kimi UNESCO-nun Dünya İrsi siyahısına daxil edilən İçərişəhərə getməklə başlamağı məsləhət görüb. Nəşr bu gün Bakının qədim memarlıq nümunələri ilə Xəzər dənizinin sahilində parlaqlıq yaradan XXI əsrin qalalarını özündə cəmləşdirdiyini qeyd edib.
Nəşrdə Hökumət evinin Azərbaycan paytaxtında çoxsaylı əhəmiyyətli tarixi abidələrdən biri olduğu vurğulanıb. “Bakıda, həmçinin xeyli sayda muzey, teatr, kitabxana, opera var”.
“Huffington Post” məşhur Xınalıq kəndinə xüsusi diqqət yönəldərək riskli səyahət axtarışında olan turistlər üçün buranın ideal məkan olacağını bildirib.
Nəşrin məlumatına görə, 2017-ci ildə turistlər üçün digər maraqlı məkanlar Koreya Respublikası, Mavritaniya, Qazaxıstan, Kipr, Latviya, Ekvador və başqa ölkələrdir.