Bakıda 2016-2020-ci illər üçün Birləşmiş Millətlər Təşkilatı-Azərbaycan Tərəfdaşlıq Çərçivəsi İstiqamətləndirici Komitəsinin iclası keçirilir.
Ötən ilin iyulunda Azərbaycan hökuməti tərəfindən 2016-2020-ci illər üçün Birləşmiş Millətlər Təşkilatı-Azərbaycan Tərəfdaşlıq Çərçivəsi (UNAPF) imzalanıb. UNAPF-ın həyata keçirilməsində "Vahid BMT Fəaliyyəti" yanaşmasını təmin etmək məqsədilə nəticələrə doğru irəliləyişə BMT tərəfindən göstərilən müştərək səyləri əlaqələndirmək və onlara kömək üçün nəticə qrupları təsis olunacaq. Nəticə qrupu öz fəaliyyətini dayanıqlı inkişaf məqsədlərinə və yeni qəbul olunmuş iqtisadi islahatlar üzrə Strateji Yol Xəritəsi və 2016-2030-cu illər üçün Milli məşğulluq strategiyası kimi milli inkişaf planlarına uyğunlaşdırmağa çalışacaq.
Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev yanvarın 19-da Bakıda keçirilən 2016-2020-ci illər üçün Birləşmiş Millətlər Təşkilatı-Azərbaycan Tərəfdaşlıq Çərçivəsi İstiqamətləndirici Komitəsinin iclasında deyib.
Nazir qeyd edib ki, nəticə qrupu UNAPF-dakı birinci strateji prioritet sahə - "Şaxələndirmənin artırılmasını və layiqli iş imkanlarını özündə ehtiva edən dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi" üzrə həyata keçiriləcək tədbirlərin əhatə dairəsinə diqqət yetirəcək.