Yanvarın 16-da Azərbaycan Respublikasının Hökuməti, “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Dünya Bankı Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) layihəsinin dəstəklənməsi məqsədilə QSC-yə 400 milyon ABŞ dolları məbləğində kreditin ayrılması üçün hüquqi sənədləri imzalayıb.
Dünya Bankının Bakıdakı ofisindən bildirilib ki, layihə çərçivəsində Azərbaycanın qaz ixrac bazarlarının şaxələndirilməsi və Türkiyə və Cənub-Şərqi Avropanın enerji təchizatının təhlükəsizliyinin artırılması məqsədilə Azərbaycanın “Şahdəniz” qaz yatağından təbii qazın Türkiyəyə və bu ölkədən keçərək Avropaya nəqli həyata keçiriləcək.
Bu layihə TANAP-dan başqa, Azərbaycanda “Şahdəniz-2” qaz yatağının istismarı, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) Azərbaycan və Gürcüstandan keçərək Türkiyəyə qədər genişləndirilməsi, eləcə də qazı Yunanıstan və Albaniya ərazisindən və Adriatik dənizinin altından keçərək Cənubi İtaliyaya çatdıracaq “Trans-Adriatik” qaz boru kəmərinin (TAP) tikintisini nəzərdə tutan “Cənub Qaz Dəhlizi” Proqramının tərkib hissəsidir. Proqramda iştirak edən bütün ölkələr üçün “Cənub” qaz dəhlizinin vacibliyini nəzərə alaraq, bir sıra beynəlxalq maliyyə institutları, o cümlədən layihəni Dünya Bankı ilə birgə maliyyələşdirən Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) bu Proqramı dəstəkləyir.
Layihə çərçivəsində TANAP boru kəməri sistemində infrastruktur investisiyaları maliyyələşdiriləcək. Uzunluğu 1810 kilometr olan TANAP ümumi uzunluğu 3 min 500 kilometr olan və Azərbaycandan İtaliyaya boru kəməri sistemini ehtiva edən “Cənub” qaz dəhlizinin yarıdan çoxunu təşkil edir. TANAP Türkiyə və Gürcüstanın sərhədindən başlayacaq, Türkiyədən keçməklə şərqdən qərbə doğru uzanaraq Yunanıstan sərhədində qazı Avropa bazarlarına çatdıracaq TAP-la birləşəcək.
“Biz bu gün Dünya Bankı və Azərbaycanın layihə heyətlərinin aylar ərzində gərgin işinin kulminasiyası olaraq TANAP üzrə hüquqi sazişləri imzalamaqdan məmnunuq”, - deyə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon deyib.
“Əminik ki, bu layihə ölkənin regional ticarətdə rolunu və rəqabət qabiliyyətini gücləndirmək və ixracını genişləndirməklə Azərbaycan xalqına çoxlu fayda gətirəcək”, - deyə M.Tembon əlavə edib.
Azərbaycanda “Şahdəniz-2” qaz yatağı ildə 16 milyard kubmetr qazın istehsalı üçün işlənilməkdədir. Qaz hasilatı və nəqlindən əldə olunacaq gəlirlər ölkə və onun vətəndaşları üçün əhəmiyyətli olacaq. Layihə Dünya Bankının Azərbaycanla tərəfdaşlığının strateji məqsədlərinə nail olunmasına töhfə verəcək, xüsusilə Azərbaycanın nəqliyyat bağlantıları və tranzit sahəsində rolunu gücləndirəcək. Eləcə də ixracını artıraraq ölkənin regional və Avropa enerji bazarlarına inteqrasiyası və iqtisadi rəqabət qabiliyyətinin artırılmasını dəstəkləyəcək.
Qeyd edək ki, Dünya Bankının Direktorlar Şurası dekabrın 20-də TANAP layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanəti ilə “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) tərəfindən 30 il müddətinə 400 milyon ABŞ dolları kredit ayrılması ilə bağlı qərar qəbul edib.
TANAP layihəsi üzrə işlərin təxminən 60 faizi görülüb. TANAP-ın inşası çərçivəsində qurudakı 4 lot üzrə indiyədək 1570 kilometr uzunluğunda xəndək qazılıb və 1200 kilometr boruların qaynağı tamamlanıb. Türkiyənin təbii qazı qəbul edəcək Əskişəhərdə 56 düymlük borulardan istifadə olunur. Boru kəmərinin Əskişəhərdən Yunanıstan sərhədinə qədər olan hissəsi 48 düymlük borulardan inşa ediləcək. TANAP-ın 19 kilometrlik Çanaqqala boğazı hissəsi 36 düymlük iki paralel boru kəmərindən ibarət olacaq. Boru kəmərinin tikintisi işləri çərçivəsində sahələrdə təxminən 10 min işçi çalışır.
Türkiyəyə nəql ediləcək ümumilikdə 6 milyard kubmetrlik qazın 2018-ci il iyunun sonunda ilkin mərhələdə 2 milyard kubmetri qəbul olunacaq. Həmin həcm sonrakı il 4 milyard kubmetrə, daha sonrakı il isə 6 milyard kubmetrə çatacaq. 11,7 milyard dollar ilkin dəyəri olan TANAP layihəsinin tələb olunan kapital xərcləri hazırda 8,5 milyard dollara düşüb.
Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur. TANAP-ın tikintisinin 2018-ci ilin iyun ayının sonunadək başa çatacağı planlaşdırılır.
Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1334 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 450 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 19 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.