Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsində sınaqlar keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsində işlər tamamlanmaq üzrədir. Bu məqsədlə artıq bəzi sınaqların keçirilməsinə başlanıb. Bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə kimi dizel ilə işləyən lokomotivlərin bir neçə dəfə sınağı keçirilib. Bütün yol boyunca lokomotivlər maneəsiz hərəkət edə bilirlər.
Bu günlərdə Axalkalaki stansiyasındakı təkər cütlərinin dəyişmə məntəqəsində yüklü vaqonun təkər arabacıqları dəyişdirilərək (1520 millimetr standartlı izdən 1435 millimetr standartlı izə keçirilərək) Türkiyə sərhədi istiqamətinə göndərilməsi sınağı uğurla həyata keçirilib.
Eyni zamanda, stansiyadakı konteyner meydançasında 40 tonluq kranla iritonnajlı konteynerin vaqondan–vaqona götürülüb qoyulması sınağı da uğurlu alınıb.
Qeyd edək ki, Azərbaycan Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsinə qoşulmaqla gələcəyə hesablanmış daha bir addım atıb. Gətirə biləcəyi bütün iqtisadi dayaqlarla yanaşı, Bakı-Tbilisi-Qars tranzit daşımaların mərkəzinə çevrilən Azərbaycanın regionda söz sahibi olmasını təsdiqləyən bir faktor kimi çox önəmlidir.
Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsinin reallaşması məsələsi Azərbaycan, Gürcüstan, Türkiyə hökumətləri və dəmir yolları rəhbərlərinin diqqət mərkəzindədir. Bu, hər üç ölkənin, eyni zamanda, həmin nəqliyyat dəhlizinin xidmətlərindən istifadə etmək marağında olan başqa ölkələrin də sıx nəqliyyat əlaqələri qurmasına böyük imkanlar açacaq.
Xatırladaq ki, 2007-ci il noyabrın 21-də Gürcüstanın Tetri-Skaro rayonunda - Marabda stansiyasında Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsinin, 2008-ci il iyulun 24-də isə Türkiyənin Qars şəhərində Bakı-Tbilisi-Qars bağlantısının Türkiyə hissəsinin tikintisinə start verilib.